Qadın estetik əməliyyatına pul verməyən kişinin başını ƏZDİ - cəzası

8 Oktyabr 2025 14:23

Xuliqanlıqda təqsirləndirilən Sabrina Məmmədovanın (adı, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası yekunlaşıb.

Milli.Az xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən sonuncu məhkəmə iclasında qərar elan olunub.

Qərara əsasən, təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib, zərərçəkmiş şəxsin isə apellyasiya şikayəti qismən təmin olunub, Nərimanov Rayon Məhkəməsinin Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməsinə dair hökmü ləğv edilib. Sabrina Məmmədova Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona 1 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzası verilib. Onun cəzasının çəkilməsi qadının himayəsində olan 2013-cü il tarixdə doğulmuş uşağının 14 yaşına çatanadək təxirə salınıb.

İttihama görə, hadisə 2 sentyabr 2023-cü il tarixdə, saat 13:00 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Təbriz küçəsinin kəsişməsində yerləşən "Green kafe"nin həyətində qeydə alınıb.

Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, Sabrina Məmmədova təxminən 7-8 il qeyri-rəsmi münasibətdə olduğu, zərərçəkmiş Səttar Balayevdən (adı, soyadı şərtidir) estetik əməliyyatlar üçün 10-15 min manat civarında pul tələb edib. Səttar isə bu tələbi yerinə yetirməkdən imtina etdikdə aralarında mübahisə yaranıb və onlar ayrılmaq qərarına gəliblər.

Hadisədən bir müddət sonra zərərçəkmiş dostu ilə birlikdə "Green kafe"də olarkən Sabrina Məmmədova ora gələrək eks sevgilisinə yaxınlaşıb. Məhkəmə materiallarına əsasən, qadın yüksək səslə Səttara təhqirlər yağdırıb və daha sonra masanın üzərindəki mobil telefonu götürərək bir neçə dəfə onun başına çırpıb. Nəticədə Səttar yüngül dərəcəli bədən xəsarətləri alıb.

Zərərçəkmiş şəxs ifadəsində qadının ondan dəfələrlə estetik əməliyyatlar və ev üçün pul istədiyini, bu səbəbdən münasibətlərində gərginlik yarandığını və hadisəyə görə onu bağışlamadığını deyib.

Məhkəmənin qərarı ilə Sabrina Məmmədova 800 manat cərimə edilib.  /Pravda.Az

Milli.Az