Silk Way AFEZCO və ExecuJet yeni Ələt Beynəlxalq Hava Limanında FBO-nun yaradılması və Gulfstream G500 təyyarəsinin idarəolunması barədə tərəfdaşlıq elan edir

8 Oktyabr 2025 12:45

Silk Way AFEZCO və ExecuJet yeni Ələt Beynəlxalq Hava Limanında FBO-nun yaradılması və Gulfstream G500 təyyarəsinin idarəolunması barədə tərəfdaşlıq elan edir

Silk Way Group şirkətlər qrupuna daxil olan Silk Way AFEZCO, dünyanın ən böyük biznes təyyarə və helikopter operatorlarından biri sayılan Luxaviation Group-un tərkibində fəaliyyət göstərən ExecuJet ilə tərəfdaşlıq elan etməkdən qürur duyur. Bu əməkdaşlıq Azərbaycanda biznes aviasiyasının gələcəyi üçün iki mühüm istiqaməti birləşdirir.

Silk Way AFEZCO və ExecuJet, Bakının cənubunda strateji mövqedə yerləşən yeni Ələt Beynəlxalq Hava Limanında müasir biznes aviasiyası xidmət kompleksi (Fixed Base Operator - FBO) yaradacaqlar. Bununla yanaşı, tərəflər Silk Way AFEZCO-nun yeni Gulfstream G500 təyyarəsinin idarə olunmasına dair müqavilə imzalayıblar. Bu sənəd Luxaviation Group-un Azərbaycan bazarına daxil olmasını və ölkədə bu tipdəki ilk təyyarənin idarə edilməsinə başlanmasını rəsmi şəkildə təsdiqləyir.

Əməkdaşlıq həmçinin Ələt Azad İqtisadi Zonasında birgə müəssisənin yaradılmasına dair Anlaşma Memorandumunu nəzərdə tutur. Müəssisənin məqsədi Avropa, Asiya və Yaxın Şərq arasında strateji nəqliyyat qovşağı olan Azərbaycanın mövqeyini daha da gücləndirəcək çoxşaxəli aviasiya xidmətləri mərkəzi yaratmaqdır.

Luxaviation Group-un baş icraçı direktoru Patrik Hansen bildirib: "Bu əməkdaşlıq Luxaviation və ExecuJet üçün mühüm bir mərhələdir, çünki biz Azərbaycan bazarına daxil oluruq. Silk Way AFEZCO-nun regional təcrübəsini bizim qlobal FBO və təyyarə idarəçiliyi üzrə peşəkar biliklərimizlə birləşdirərək Xəzər regionunda keyfiyyət, səmərəlilik və müştəri loyallığı üçün üzrə yeni standartlar müəyyən edirik."

Öz növbəsində, Silk Way AFEZCO-nun baş icraçı direktoru Cavad Dbila qeyd edib: "Biz ExecuJet ilə əməkdaşlıq edərək Azərbaycanın qlobal biznes aviasiyasındakı rolunu yeni səviyyəyə qaldırmaqdan qürur duyuruq. Ələt Beynəlxalq Hava Limanında yaradılacaq FBO və AFEZ-dəki birgə müəssisə operatorlar və sərnişinlər üçün misilsiz xidmətlər təqdim edəcək. ExecuJet idarəçiliyində olan yeni Gulfstream G500 təyyarəmizin istifadəyə verilməsi ilə biz ölkəmizin aviasiya gələcəyinə sərmayə edirik".

Təyyarənin İdarə Edilməsi üzrə Müqavilə əməliyyatların idarə olunması, uçuş planlaşdırılması, texniki xidmətə nəzarət və ekipajın idarə edilməsi də daxil olmaqla, Silk Way AFEZCO-ya Gulfstream G500 üçün hərtərəfli dəstəyi təmin edir. Sürəti, uçuş məsafəsi və qabaqcıl texnologiyaları sayəsində G500 Azərbaycanın mərkəzindən biznes və diplomatik səfərlər üçün ideal seçimdir.

Ələt Beynəlxalq Hava Limanında FBO-nun tikintisinə 2025-ci ilin sonunda başlanması, 2027-ci ilin əvvəlində isə istifadəyə verilməsi planlaşdırılır. Layihənin dizaynı dünyada biznes aviasiyasının aparıcı terminallarından biri kimi tanınan Dubay Al Maktum (DWC) Hava Limanındakı ExecuJet-in mükafata layiq görülmüş nüfuzlu inşasından ilhamlanacaq.

Bu əməkdaşlıq Azərbaycan iqtisadiyyatının enerji, ticarət və turizm kimi sahələrində sürətli artımın müşahidə olunduğu, premium aviasiya xidmətlərinə tələbatın getdikcə artdığı bir dövrdə həyata keçirilir.

ExecuJet haqqında

ExecuJet, Luxaviation Group-un tərkib hissəsi olaraq, biznes aviasiyası üçün xidmət komplekslərinin (Fixed Base Operator - FBO) qlobal şəbəkəsini idarə edir. Şirkət biznes təyyarələri, sərnişinlər və ekipaj üçün yüksək səviyyəli infrastruktur və təqdirə layiq xidmətlər təqdim edir. Hazırda ExecuJet dünyanın müxtəlif ölkələrində 110-dan çox FBO kompleksini idarə edir və fəaliyyət sahəsini genişləndirməkdə davam edir.

Biznes aviasiyası sahəsində yerüstü xidmətlər üzrə sənaye lideri kimi tanınan ExecuJet müştərilərə gözləntiləri aşan premium xidmətlər təqdim edir.

ExecuJet, Luxaviation Group-un digər şirkətləri ilə yanaşı, korporativ dayanıqlığı öz fəaliyyət strategiyasının əsas hissəsi hesab edir. Qrup sosial və ekoloji aspektləri idarəetmə proseslərinə inteqrasiya edir və əməliyyat fəaliyyətini daima təkmilləşdirir.

Ətraflı məlumat üçün: www.execujet.com / www.luxaviation.com.

Silk Way Group haqqında

Əsası 2006-cı ildə qoyulan və baş ofisi Bakıda yerləşən Silk Way Group Azərbaycanın aparıcı özəl aviasiya və logistika müəssisələrindən biridir. Şərqlə Qərbin kəsişməsində yerləşən strateji mövqeyi sayəsində Qrup qlobal yükdaşıma əlaqələrində və ölkənin aviasiya infrastrukturunun inkişafında mühüm rol oynayır.

Silk Way West Airlines, Silk Way Airlines, Silk Way Technics və Silk Way AFEZCO şirkətlərini birləşdirən Qrup ən yüksək beynəlxalq standartlara cavab verən hava yolu ilə yükdaşıma, texniki xidmət və logistika üzrə geniş həllər təqdim edir.

Silk Way Group hazırda Ələt Azad İqtisadi Zonasında (AFEZ) yeni hava limanı və logistika mərkəzinin tikintisi ilə hava daşımalarının gələcəyini müəyyən edir. Bu, Azərbaycanın qlobal ticarətdə əsas oyunçu kimi rolunu artıracaq dayanıqlı, texnologiyaya əsaslanan bir layihədir.

1700-dən artıq peşəkar əməkdaşı ilə təhlükəsizlik, innovasiya və dayanıqlılığa diqqət yetirən Silk Way Group qitələri birləşdirməyə və bütün dünyada hava yolu ilə yükdaşımada yeni imkanlar yaratmağa davam edir.

Silk Way Alat Free Economic Zone şirkəti haqqında

Silk Way Alat Free Economic Zone şirkəti Silk Way Group-a aid müstəqil bir qurumdur və Ələt Azad İqtisadi Zonasında dayanıqlı aviasiya və logistika infrastrukturunu inkişaf etdirir. Şirkət "Yaşıl hava limanı" və "Karqo kəndi" kimi transformativ layihələri idarə etmək üçün təsis edilib. SW AFEZCO qabaqcıl dayanıqlı texnologiyaları və innovativ logistika həllərini inteqrasiya edərək Azərbaycanın aparıcı tranzit mərkəzi statusunu möhkəmləndirir. Şirkətin təşəbbüsləri milli və beynəlxalq standartlara uyğun olmaqla yanaşı, iqtisadi inkişafı və ekoloji məsuliyyəti də təşviq edir.