Ekvador Prezidenti Daniel Noboanın avtomobilinə hücum edilib.
Milli.Az xəbər verir ki, Ekvador prezidenti Daniel Noboa avtomobilinə edilən hücumdan xəsarət almadan xilas olub.
Hadisə Canar əyalətində prezidentin su təmizlənməsi və kanalizasiya ilə bağlı tədbirdə iştirak etdiyi vaxt baş verib.
Ətraf mühit və energetika naziri İnes Manzano bildirib ki, prezidentin avtomobilində güllə izləri aşkarlanıb və bu hadisə sui-qəsd cəhdi kimi qiymətləndirilib. "Prezidentin maşınına atəş açmaq, daş atmaq, dövlət əmlakına ziyan vurmaq - bu, sadəcə cinayətdir. Biz buna icazə verməyəcəyik," - deyə nazir mətbuata açıqlamasında vurğulayıb.
Prezidentin ofisi hadisədən dərhal sonra bəyanat yayaraq, hücumda iştirak edənlərin terrorizm və adam öldürməyə cəhd ittihamı ilə mühakimə olunacağını bildirib.
Hadisə zamanı 5 nəfər saxlanılıb.
Fidan
Milli.Az