Son dövrlər ideal bədən silueti trendi ilə korsetlər, bədən formalaşdıran bodilər və sıxıcı kolqotlar gündəlik geyimə daxil olub. Lakin, onlar sağlamlıq üçün zərərlidir.
Milli.Az xəbər verir ki, Perm Politexnik Universitetinin "HimBio" Elmi-Tədqiqat Mərkəzinin farmakologiya üzrə məsləhətçisi, tibb elmləri namizədi Sergey Solodnikov bildirir ki, hətta elastik materiallardan hazırlanan korsetlər də uzun müddət geyindikdə orqanizmə təsirsiz ötüşmür. Dekorativ korsetlər diafraqmanı və ağciyərlərin alt hissəsini sıxaraq tam nəfəs almanı çətinləşdirir. Bu isə bədəndə oksigen çatışmazlığına, yüngül başgicəllənmədən tutmuş ürək fəaliyyətinin pozulmasına qədər nəticələrə səbəb ola bilər.
Həddindən artıq sıxışma qarın boşluğunda qida həzminin ləngiməsinə, mikrofloranın pozulmasına, qəbizlik və iltihabi proseslər riskinin artmasına yol açır. Uzun müddət korset geyinmək bel əzələlərini zəiflədərək duruşu poza, nevroloji ağrılara və ürək-damar sisteminə əlavə yük gətirə bilər. Bundan başqa, dəridə qıcıqlanma, sızanaq və xoralar əmələ gələ bilər.
Sıxıcı bodilər də diqqətlə istifadə edilməlidir. Yanlış ölçü və ya uzun müddət geyinmək bədənin aşağı hissəsini sıxır, xüsusilə dar çanaqlı və ya xroniki ginekoloji xəstəlikləri olan qadınlar üçün riskli ola bilər. Solodnikovun sözlərinə görə, yüksək təzyiq uşaqlığın yerini dəyişə, menstrual dövrü poza, çanaq ağrılarına və çanaq dibi əzələlərinin zəifləməsinə səbəb ola bilər.
Bundan əlavə, sıx material limfa düyünlərinin yerləşdiyi əraziləri sıxır ki, bu da limfanın təbii axınını pozur, ödemə və detoks funksiyasının zəifləməsinə gətirib çıxara bilər.
İsmayıl
Milli.Az