Daha bir ölkə Fələstin Dövlətini tanıdı

7 Oktyabr 2025 22:46

Lüksemburqun Baş naziri Lyus Friden, ölkəsinin Fələstin Dövlətini tanıdığını bəyan edib. O, iki dövlətli həll modelinin Yaxın Şərqdə davamlı sülh üçün yeganə yol olduğunu vurğulayıb.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, baş nazir bu açıqlamanı Avropa Parlamentində çıxışı zamanı verib. O, həmçinin 7 oktyabr 2023-cü il hücumlarının ildönümündə İsrail tərəfindən saxlanılan girovların "dərhal və şərtsiz azad edilməsinə" çağırıb.

Friden çıxışında Avropanın hazırda qlobal qeyri-sabitlik, texnoloji və iqtisadi dəyişikliklər, iqlim böhranı və miqrasiya kimi problemlərlə üzləşdiyini qeyd edib. O, bu səbəbdən qitənin bir daha "tarixi dönüş nöqtəsində" dayandığını bildirib.

Lüksemburq Baş naziri Avropanın uğurunun qaydalar, müqavilələr və institutlara əsaslanan beynəlxalq sistemdən qaynaqlandığını xatırladıb. O, bu sistemin bu gün "tarixdə heç olmadığı qədər təzyiq altında" olduğunu deyib:

Friden həmçinin Avropa İttifaqının genişlənməsinin artıq strateji əhəmiyyət daşıdığını, bu prosesin ləngiməsinin isə namizəd ölkələri AB-dən uzaqlaşdıra biləcəyini vurğulayıb.

O, AB ölkələri arasında sərhəd nəzarətinin uzunmüddətli bərpasının "Avropa layihəsi üçün geriyə addım" olacağını deyib və əlavə edib:

"Sığınacaq hüququ qorunmalıdır. Bu, bizim ortaq insaniliyimizin danılmaz bir hissəsidir. Avropanın bütün ölkələrində iqtisadi inkişaf üçün nizamlı miqrasiyaya ehtiyac var."

Lalə Qüdrətova
Milli.Az