Kurtlar Vadisinin məşhur aktyoru indi daxmada yaşayır - FOTO

7 Oktyabr 2025 23:04

Məşhur türk aktyoru Ali Sürmeli 41 ildir gözlərdən uzaq, təbiət qoynunda sadə, amma öz təbirincə desək "lüks" həyat yaşayır. "Kurtlar Vadisi" serialında canlandırdığı Zaza Dayı obrazı ilə yaddaşlara həkk olunan Sürmeli hazırda Kuzey Ege bölgəsində - Assos Kadırğa körfəzində yaşayır.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, "Deli Yürek", "Kurtlar Vadisi: Pusu", "Çukur" və "Eşkıya Dünyaya Hükümdar Olmaz" kimi məşhur seriallarda rol alan Ali Sürmeli, artıq uzun illərdir şəhərdən uzaq bir həyat sürür. O, təxminən 41 il əvvəl Assosa köçüb və burada öz həyat tərzini qurub.

Sürmeli yaşadığı həyatı belə təsvir edir: "Hamı mənim yoxsul həyat yaşadığımı düşünür, amma mən lüks içindəyəm. Səhər oyananda oksigen var, quş səsi var. Həqiqi zənginlik pul ilə deyil, nəfəs almaqla ölçülür."

Ali Sürmeli hazırda öz əlləri ilə inşa etdiyi taxta, təkmərtəbəli bir evdə yaşayır.  "Biz gələndə burda sadəcə bir neçə dənə uzunqulaq var idi. Amma buranın elə bir sakitliyi var ki, sanki Bingöl yaylasında yatırsan."

Sürmeli torpağı necə aldığını da səmimi şəkildə danışıb: "O vaxtın pulu ilə 10 sot torpağı 100 min lirəyə almışam. Yanındakı torpağı da dil tökəndən sonra 200 minə verdilər. Cəmi 13 sotu təxminən 13 il əvvəl 300 minə aldım. O vaxt bu, min dollar edirdi. Akademiya açmaq istəyirdik, amma söz verənlərin hamısı geri çəkildi. Planlar vardı, amma həyata keçmədi."

Ali Sürmeli indi təbiətin içində sakit, şəhərdən uzaq bir həyat yaşayır. O, səhərin təmiz havasını və quş səslərini ən böyük zənginlik hesab edir və "lüks" anlayışını təbiətlə iç-içə olmaqda görür.

Lalə Qüdrətova
Milli.Az