17-19 oktyabr tarixlərində Bakı şəhərində, Dreamland Golf Club-da ilk beynəlxalq Baku Tango Marathon keçiriləcək. Bu, Argentina tangosuna, onun atmosferinə və ünsiyyətinə həsr olunmuş üç günlük tədbirdir.
Tədbirin təşkilatçısı InTango məktəbi, dəstəyi isə Azərbaycan Rəqs İttifaqı (AzDC) tərəfindən təmin olunur.
Azərbaycanın ilk Argentina tango məktəbi olan InTango-nun təsisçisi, AzDC-nin Argentina tango komitəsinin həmtəsisçisi və sədri, beynəlxalq yarışların qalibi, müəllim və beynəlxalq tango-dj İlham Osmanov qeyd edib ki, bu gün tango dünyada ən populyar sosial rəqslərdən biridir və Bakı da bu qaydadan istisna deyil.
"Biz bu marafonu insanlara, musiqiyə, ünsiyyətə və notların arasında yaranan o xüsusi səssizliyə görə təşkil edirik, məhz həmin səssizlikdən rəqs doğulur. İstəyirik ki, qonaqlar Bakını təkcə gözəl şəkillərlə deyil, həm də ev kimi hisslərlə tərk etsinlər - elə bil şəhərimizin istiliyi onların ürəyində qalır", - deyə İlham Osmanov bildirib.
Marafon Türkiyə, Gürcüstan, Argentina, İtaliya və digər ölkələrdən olmaqla 10-dan çox ölkənin tangeroslarını bir araya gətirəcək. Bu tədbir Azərbaycanın mədəniyyətinin, şəhər turizminin və beynəlxalq cazibəsinin inkişafına mühüm töhfədir. Proqramda müxtəlif ölkələrdən 6 dj iştirak edəcək, hər birinin özünəməxsus üslubu var və hamısı klassik ənənələrə böyük hörmətlə yanaşır.
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az