Kənd təsərrüfatı məhsullarının istehsalı ilə bağlı mövsümi işlərə cəlb edilən fiziki şəxslər üzrə gündəlik nağd qaydada ödənilə bilən məbləğin yuxarı həddi artırılır.
Trend-in məlumatına görə, bu məsələ Milli Məclisin oktyabrın 10-da keçiriləcək plenar iclasının gündəliyinə daxil edilən "Nağdsız hesablaşmalar haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.
Bildirilib ki, mövcud qanunda qeyd olunan norma (20 manat) kənd təsərrüfatı məhsullarının istehsalının xüsusiyyətləri (mövsümü olması və bu əsasda işçiyə ehtiyacın müəyyən zaman kəsiyində yaranması) nəzərə alınmaqla məhsul istehsalçıları tərəfindən işlərin görülməsinə mülki hüquqi müqavilələr əsasında fiziki şəxslərin cəlb edilməsi imkanının yaradılmasına, kənd təsərrüfatı istehsalçılarının və onların mövsümi işlərə cəlb etdiyi şəxslərin dəstəklənməsinə, tərəflər arasında daha çevik ödəmə mexanizminin qurulmasına xidmət edir, ödənişlərin birbaşa məhsulun istehsalı sahəsində (yerində) ödənilməsinə, kənd təsərrüfatı məhsullarının istehsalının (yığımının) daha çevik təşkil edilməsinə imkan yaradır.
Qanun layihəsində həmin şəxslərə nağd qaydada ödənilə bilən gündəlik ödənişin yuxarı həddinin artırılaraq hazırki 20 manatdan 30 manata çatdırılması təklif edilir.
Milli.Az