Şəkərli və dietik içkilər qaraciyər xəstəliyi riskini artırır.
Yeni araşdırma göstərib ki, həm şəkərli, həm də üzərinə şəkərsiz yazılan içkilərin gündəlik istifadəsi qaraciyərin yağlanması riskini əhəmiyyətli dərəcədə artırır.
Bu nəticələr "UEG Week 2025" konfransında təqdim olunub.
Tədqiqatçılar 120 mindən çox iştirakçının məlumatlarını analiz ediblər və məlum olub ki, gündə 250 qramdan çox şəkərli və ya dietik içki qəbul etmək xəstəliyin yaranma ehtimalını 50-60 faiz yüksəldir. Maraqlıdır ki, süni şirinləşdiricilər də təhlükəsiz sayılmır. Onların istifadəsi yalnız qaraciyərdə yağlanmanı artırmır, həm də qaraciyər xəstəliklərindən ölüm riskini yüksəldir.
Alimlərin izahına görə şəkər qan şəkərinin və insulin səviyyəsinin kəskin artımına səbəb olur və bu, qaraciyərdə yağ yığılmasına təşviq edir. Süni şirinləşdiricilər isə bağırsaq mikroflorasına təsir edərək şəkərə həvəsi artırır.
Tədqiqat müəllifləri vurğulayır ki, içkiləri su ilə əvəz etmək qaraciyər xəstəliyi riskini 13-15 faiz azaltmaq baxımından ən təsirli yoldur.
İsmayıl
Milli.Az