Ucuz kosmetika işlədənlərin NƏZƏRİNƏ

7 Oktyabr 2025 15:24

Son zamanlar sosial media platformalarında və şəhər küçələrində 1-2 manata satılan kosmetik məhsullar alıcıların diqqətini cəlb edir. Lakin bu məhsulların tərkibi, istehsal və saxlanma şəraiti barədə məlumat yoxdur.

Milli.Az xəbər verir ki, çox vaxt belə vasitələr rəsmi qeydiyyatdan keçməyib, yəni sertifikat və keyfiyyət sənədi olmadan satışa çıxarılır və bəzən qablaşdırmada istehsal tarixi də qeyd olunmur.

Dermatoloq Miryusif Əliyev qeyd edir ki, mənşəyi məlum olmayan və ucuz kosmetik vasitələrin istifadəsi ciddi dəri problemlərinə səbəb ola bilər.

Onun fikrincə, bu cür məhsullar üz dərisində səpgilər və ləkələrin yaranmasına gətirib çıxarır və bu problemlərin müalicəsi adətən uzun müddət tələb edir:

"Mənşəyi bilinməyən kosmetik vasitələr dərinin normal qidalanmasını pozur, bərpa prosesini isə ləngidir. Buna görə kosmetik məhsullar alınarkən onların Səhiyyə Nazirliyi tərəfindən sertifikatlaşdırılması vacibdir. Daha çox tanınmış və etibarlı brendlərin məhsullarına üstünlük verilməlidir".

Asya
Milli.Az