"Z" nəslinin intim münasibətə niyə marağı yoxdur? - Psixoloq səbəbləri açıqladı

8 Oktyabr 2025 02:02

Gənclər arasında aparılan araşdırmalar göstərir ki, zümərlər (Z nəsli anlamına gəlir. Bu termin 1997-2012-ci illər arasında doğulan gəncləri təsvir edir, yəni indiki 13-28 yaş arası insanlar bu nəsilə daxildir ) əvvəlki nəsillərlə müqayisədə sekslə daha az maraqlanır.

Milli.Az bildirir ki, bu barədə Piroqov Universitetinin psixoloqu Yelizaveta Kulikova açıqlama verib.

Onun sözlərinə görə, bu dəyişimin üç əsas səbəbi var.

Birinci səbəb tək yaşamağa münasibətin dəyişməsidir. Psixoloq deyir ki, əvvəllər subay insanlar cəmiyyətdə suallar doğururdu, indi isə bu, normal və hörmətəlayiq seçim sayılır.

"Bu gün tək və uğurlu qadın güclü hesab olunur. İnsanlar artıq münasibətə girmədən də özlərini xoşbəxt hiss edirlər," - deyə Kulikova bildirib.

İkinci səbəb gənclərin azad yaşamaq istəyidir. Onlar münasibət qurmadıqda məsuliyyət, öhdəlik və qayğıdan azad olurlar. Beləcə, vaxtlarını və pullarını yalnız özlərinə xərcləyirlər.

Üçüncü səbəb isə psixoloji amillərlə bağlıdır. Gənclər arasında narahatlıq və stresə qarşı həssaslıq artıb. Bu da münasibət və seksual marağı azaldır.

"Zümərlər bu boşluğu karyerada, idmanda və sağlam həyat tərzində doldururlar. Onlar üçün indi əsas olan şəxsi rahatlıq və özünü inkişaf etdirməkdir," - psixoloq əlavə edib.

Beləliklə, ekspertin fikrincə, müasir gənclər seksə deyil, azadlığa və öz həyatlarına üstünlük verirlər.

İsmayıl
Milli.Az