"WhatsApp"dan gələn bu mesajlara inanmayın - Yeni virus yayılıb

7 Oktyabr 2025 11:30

Populyar mesajlaşma tətbiqi "WhatsApp" üzərindən yayılan yeni təhlükəli proqram - "SORVEPOTEL" - barədə kibertəhlükəsizlik mütəxəssisləri ciddi xəbərdarlıq edib.

Milli.Az xəbər verir ki, kiber təhlükəsizlik şirkəti Trend Micro-nun araşdırmasına görə, bu virus zərərli ZIP faylı vasitəsilə telefona daxil olur və ələ keçirdiyi "WhatsApp" hesabı üzərindən avtomatik şəkildə digər insanlara yayılır.

Hücum sanki tanış bir şəxsdən gəlirmiş kimi görünən mesajla başlayır. İstifadəçi mesajdakı ZIP faylını açdıqda, virus aktivləşir və cihazdakı "WhatsApp Web" sessiyasını ələ keçirir. Ardınca həmin faylı rehberdəki bütün kontaktlara avtomatik göndərir.

Mütəxəssislərə görə, SORVEPOTEL bir növ "infostealer" - yəni məlumat oğrusu proqramdır. O, fotoşəkillər, mesajlar, əlaqə məlumatları kimi həssas faylları hədəfə alır, həmçinin "PowerShell" əmrləri vasitəsilə uzaq serverlərə qoşularaq əlavə zərərli komponentlər yükləyir.

ZIP faylı açıldıqda, içindəki LNK (qısayol) faylı işə düşür və fon rejimində "PowerShell" əmrləri vasitəsilə virusu sistemə endirir. Proqram aktiv "WhatsApp Web" oturumlarını skan edir və ələ keçirdiyi hesablar vasitəsilə zəncirvari şəkildə yayılmağa davam edir. İstifadəçi prosesi hiss etmədən, virus təmas siyahısında olan hər kəsə çatır.

Ekspertlər "WhatsApp" vasitəsilə gələn ZIP əlavələrinə qarşı ehtiyatlı olmağa çağırır. Kimdən gəlməsindən asılı olmayaraq, tanımadığınız faylları açmayın, şübhəli linklərə klikləməyin və sisteminizi mütəmadi yeniləyin.

Milli.Az