Türkiyədə avtobus xəndəyə yuvarlandı - 5 ölü, 10-dan çox yaralı var - FOTO

7 Oktyabr 2025 09:50

Türkiyənin Mersin vilayətində kənd təsərrüfatı işçilərini daşıyan mikroavtobusun xəndəyə yuvarlanması nəticəsində 5 nəfər ölüb, 10-dan çox şəxs isə yaralanıb.

Milli.Az xəbər verir ki, hadisə bu gün səhər saatlarında Erdemlinin Güzeloluk məhəlləsində, Kargagediği yaxınlığındakı yolda baş verib. İlkin məlumata görə, Camal K. adlı sürücünün idarə etdiyi 33 VLP 55 dövlət nömrə nişanlı mikroavtobus şəhər istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və təxminən 3 metr dərinlikdəki xəndəyə düşüb.

Qəza barədə məlumat alan yanğınsöndürənlər, tibb işçiləri və jandarma qrupları hadisə yerinə cəlb olunub. Mikroavtobusda sıxılmış vəziyyətdə qalan yaralılar xilas edilərək təcili tibbi yardım maşınları ilə yaxınlıqdakı xəstəxanalara çatdırılıb.

Hadisə yerində aparılan ilkin araşdırma nəticəsində 5 nəfərin hadisə yerində öldüyü, 10-dan çox şəxsin isə müxtəlif dərəcəli xəsarətlər aldığı müəyyən edilib.

Qəza ilə bağlı araşdırma davam edir.

Milli.Az