Bir ay baş nazir olan Lekornyu istefa səbəbini açıqladı

6 Oktyabr 2025 17:38

Xəbər verdiyimiz kimi , Fransanın baş naziri Sebastiyan Lekornyu vəzifəyə təyin olunduqdan cəmi 27 gün sonra istefa verib.

Milli.Az xəbər verir ki, prezident Emmanuel Makron onun istefasını qəbul edib. Bununla da Lekornyunun müddəti müasir Fransa tarixində ən qısa baş nazirlik dövrü kimi qeydə alınıb.

"Le Monde"un məlumatına görə, Lekornyu yeni kabinetin tərkibini açıqladıqdan bir gün sonra - hökumətin ilk iclasından bir neçə saat əvvəl istefa qərarı verib. 

Lekornyu istefasının səbəbini açıqlayıb.

O, bu addımı ölkədəki qütbləşmiş siyasi qüvvələr arasında kompromis əldə edə bilmədiyi üçün atdığını bildirib.

"Baş nazir olmaq çətin vəzifədir, xüsusilə də hazırkı şəraitdə", - deyə siyasətçi qeyd edib.

Yelisey Sarayı hələlik yeni baş nazirin kim olacağını açıqlamayıb.

Milli.Az