Bir müddətdir ki, "BakuBus" nəqliyyat şirkəti təkcə Bakıda deyil, Gəncə şəhərində də sərnişin daşımaları həyata keçirir. Lakin hər iki şəhərdə sakinlər eyni narazılığı dilə gətirirlər, avtobus çatışmazlığı və gecikmələrdən şikayət edirlər.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, marşrutlar arasında uzun fasilələr olur, bəzən isə avtobuslar dayanacaqlarda dayanmadan keçirlər.
"Avtobuslar çox gec gəlir, üstəlik dayanacaqda dayanmadan keçirlər. İnsanlar əziyyət çəkir", - deyə bir sərnişin şikayət edib.
Nəqliyyat üzrə ekspert Elməddin Muradlı isə bildirib ki, gecikmələrin əsas səbəbləri pik saatlarda yaranan tıxac və bəzi marşrutlara kifayət qədər avtobus ayrılmamasıdır.
Onun sözlərinə görə, Gəncəyə 280 ədəd avtobusun verilməsi ilə oradakı nəqliyyat problemi demək olar ki, aradan qalxıb. Bakı isə hələ də bu məsələdə çətinliklər yaşayır, çünki avtobus sayı tələbatı tam qarşılamır.
Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, Gəncə şəhərinin marşrut şəbəkəsi yeni formalaşdırılıb:
"Marşrutların uzunluğu və sərnişin tələbatına əsasən xətlər təhlil olunub və dayanacaq yerləri müəyyən edilib. Sərnişin tələbatının öyrənilməsi ilə əlaqədar hazırda monitorinqlər aparılır, yeni dayanacaq məntəqələrinin quraşdırılması davam etdirilir".
Asya
Milli.Az