Dünya ədavət üçün çox kiçikdir - Cavanşir Quliyev "Tofiq Abbasovla Dialoq" verlişində - VİDEO - FOTO

6 Oktyabr 2025 10:50

"Baku Network" ekspert platformasında "Tofiq Abbasovla Dialoq" analitik layihəsinin yeni buraxılışı yayımlanıb.

Trend xəbər verir ki, verlişin budəfəki qonağı Azərbaycanın əməkdar incəsənət xadimi, tanınmış bəstəkar Cavanşir Quliyev olub.

Söhbət zamanı təkcə bəstəkarın yaradıcılıq yolundan deyil, eyni zamanda Azərbaycanla Ermənistan arasındakı münasibətlərin gələcəyindən söz açılıb.

Cavanşir Quliyev Azərbaycanın çətin müharibə dövründən keçdiyini və daha cəmiyyətin qarşısında yeni vəzifənin durduğunu dilə gətirib.

"Müharibədən çıxdıq və indi gələcək həyatımızı müəyyənləşdirməliyik. Biz bu yaxınlarda müharibə apardığımız xalqla müəyyən bir ünsiyyət standartı formalaşdırmalıyıq. Biz qonşuyuq və bundan qaça bilmərik. Həyat davam edir, yeni nəsillər böyüyür və biz normal münasibətlər üçün zəmin hazırlamalıyıq", - deyə o bildirib.

Bəstəkar qeyd edib ki, istənilən müharibə bir gün başa çatır və tarix bunu təsdiqləyir - hətta "yüzillik müharibə" də sona çatıb. Buna görə də onun fikrincə, bu gün xüsusilə vacib olan keçmişin əsiri kimi yaşamaq deyil, irəliyə baxmaqdır.

Cavanşir Quliyev xalqlar arasında əsas körpünü məhz incəsənət və mədəniyyətdə görür. O əmindir ki, yaxınlaşma prosesinə məhz bu sahələrdən başlamaq olar: musiqi, kino, teatr tamaşaları, ədəbi layihələr, festivallar və elmi konfranslar vasitəsilə.

"Qarşılıqlı münasibətlər incəsənət, mədəniyyət, ədəbiyyat, kino səviyyəsində başlamalıdır. Daha sonra tədricən, addım-addım müəyyən vaxtdan sonra turizm əlaqələri də bərpa olunacaq. Bizim başqa yolumuz yoxdur", - deyə bəstəkar vurğulayıb.

Söhbət zamanı bəstəkar kinorejissor Sergey Paracanovla əməkdaşlığından da danışıb. O, "Aşıq Qərib" filminin çəkilişləri zamanı Paracanovla işləyib və həmin film üçün bəstələdiyi musiqi beynəlxalq festivallarda tanınıb.

Cavanşir Quliyev qeyd edib ki, Paracanov sülh adamı idi, heç vaxt müharibə tərəfdarı olmayıb və millətçi əhval-ruhiyyəyə qapılmayıb.

"Mən taleyə minnətdaram ki, bu görkəmli ustadla işləmək imkanım olub. O, ermənilərə, azərbaycanlılara, gürcülərə, ruslara eyni münasibət bəsləyirdi. Onun üçün yalnız incəsənət var idi və o, həqiqi bir dünya vətəndaşı idi", - deyə bəstəkar söyləyib.

O həmçinin əlavə edib ki, Ermənistanda aparılan təbliğat kampaniyasının qızğın vaxtında Paracanov Qarabağın Ermənistana verilməsi ilə bağlı müraciəti imzalamaqdan imtina edib və bildirib ki, "torpağı heç kim heç kimə elə-belə vermir".

Cavanşir Quliyev həmçinin, rəssam Martiros Saryanın sözlərini xatırladıb. Birinci Dünya müharibəsi dövründə onu ətrafda müharibə gedərkən çiçəklər çəkdiyinə görə qınayanda Saryan belə cavab verib: "Müharibə qurtaracaq və insanlar çiçəklər axtaracaq. Mən o gün üçün yazıram."

"İncəsənət məhz belə düşünməlidir. Bu gün gələcək üçün zəmin hazırlamalıdır", - deyə bəstəkar qeyd edib.

O əmindir ki, münasibətlərdəki indiki fasilə əbədi davam edə bilməz. Siyasətçilər normallaşma istiqamətində addımlar atırlar, lakin bu proses incəsənət xadimlərinin dəstəyinə ehtiyac duyur.

Milli.Az