İstanbuldakı konserti ləğv olundu - Səbəb bu imiş

5 Oktyabr 2025 23:00

Britaniyalı məşhur müğənni Robbie Williams bildirib ki, İstanbulda keçirilməsi planlaşdırılan konsert "ictimai təhlükəsizlik məqsədilə" şəhər rəhbərliyi tərəfindən ləğv edilib. Qərar, Türkiyədəki bəzi QHT-lər və sosial media istifadəçilərinin tədbirin ləğvi üçün apardıqları kampaniyadan sonra verilib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, 7 oktyabr tarixində baş tutmalı olan konsert, iki il əvvəl Hamasın İsrailin cənub icmalarına hücum etdiyi günə təsadüf edib. Bu hücum İsrailin Qəzzaya hərbi əməliyyatlara başlamasına səbəb olmuşdu.

Son günlərdə Türkiyədə sosial mediada və Qəzza tərəfdarı QHT-lər tərəfindən konsertin ləğvi tələbi ilə kampaniyalar aparılıb, Williams "sionist" adlandırılaraq tədbirə etiraz edilib.

51 yaşlı müğənni, əsasən müsəlman əhalinin yaşadığı Türkiyədə ailəsinin yəhudi kökləri və 2015-ci ildə İsraildə verdiyi konsert səbəbindən yenidən tənqidlərin hədəfinə çevrilib. Həmin çıxışı vaxtilə Fələstin tərəfdarı qruplar tərəfindən də kəskin reaksiyalara səbəb olmuşdu.

Biletlərin satışı ilə məşğul olan şirkət açıqlama verərək bildirib ki, konsert İstanbul Valiliyinin rəsmi müraciəti əsasında ləğv olunub. Valilik isə məsələ ilə bağlı dərhal açıqlama verməyib.

Robbie Williams şənbə günü gecə Instagram hesabında paylaşım edərək, qərardan çox üzgün olduğunu bildirib:

"Azarkeşlərimin təhlükəsizliyi hər şeydən vacibdir. Konsertin ləğvi bizim nəzarətimizdən kənarda olan bir qərardır və buna görə dərin təəssüf hissi keçirirəm."

Bu qərar Türkiyədə ictimai və siyasi müzakirələrə səbəb olub.

Lalə Qüdrətova
Milli.Az