"Futbol həyatımı məhv etdi" - Səmimi etiraf

5 Oktyabr 2025 11:46

İtaliyalı məşqçi Luçano Spalletti verdiyi səmimi müsahibəsində futbolun həyatına mənfi təsir etdiyini bildirib.

Milli.Az xəbər verir ki, "Futbol həyatımı alt-üst etdi. Onu özüm qədər, bəlkə də daha çox sevdim. Bu yolda ən yaxın insanları belə qurban verdim", - deyə təcrübəli mütəxəssis etiraf edib.

Spalletti xüsusilə Norveç yığmasına qarşı alınan 0:3 hesablı məğlubiyyətin təsirindən hələ də çıxa bilmədiyini deyib:

"Bu oyun gecələr məni oyaq saxlayır. Bütün həyatımı dəyişdi. Bəzən özümü xoşbəxt hiss edirəm, amma bu çox qısa sürür. Futbolçulara onları sevdiyimi izah edə bilmədim - bu da məni yoran əsas məqamlardan biridir".

Mütəxəssis İtaliya millisindən ayrılması ilə bağlı da danışıb. Xatırladaq ki, o, 2023-cü ilin sentyabrında millinin sükanı arxasına keçmiş, komandaya 2024-cü il Avropa çempionatına vəsiqə qazandırmışdı. Lakin 2025-ci ilin iyununda dünya çempionatının seçmə mərhələsində Norveçə məğlubiyyətdən sonra vəzifəsindən uzaqlaşdırılıb.

"Hələ də milli komandadakı dövrüm beynimdə yaşayır. Mən bu təcrübəni unutmağa çalışmamışam. Nə baş verdiyini, necə hiss etdiyimi qəbul etməyə çalışıram. Bəli, istədiyim kimi alınmadı, amma mən hər şeyimi verdim. İndi bir qədər vaxt lazımdır ki, bu ağrını içimdə həll edim. Sonra yenidən başlamağa hazıram", - deyə Spalletti bildirib.

O, gələcək planlarından da söz açıb. Spallettidən növbəti işinə hazırsız olub-olmadığı soruşulanda belə cavab verib:

"Əgər davam etmək istəməsəydim, özüm gedərdim. Amma məni işdən çıxardılar".

Qeyd edək ki, 66 yaşlı çalışdırıcının karyerasını Səudiyyə Ərəbistanında davam etdirə biləcəyi bildirilir. İddialara görə, "Əl-İttihad" Spallettini, komandadan ayrılan Loran Blanın yerinə baş məşqçi kimi nəzərdən keçirir.

Milli.Az