İsmayıllıda ağır qəza - 2 nəfər öldü, 4 yaralı var - YENİLƏNİB - FOTO

4 Oktyabr 2025 21:38

21:38

Oktyabrın 4-ü saat 19 radələrində Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun 42-ci kilometrliyində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Milli.Az-a bildirilib ki, Rəşad Ələsgərovun idarə etdiyi "Mercedes" markalı avtomobillə Rüfət Quliyevin idarə etdiyi "BMW" markalı avtomobil toqquşub.

Nəticədə hər iki avtomobilin sürücüsü - Rəşad Ələsgərov və Rüfət Quliyev hadisə yerində həyatını itirib, ümumilikdə 4 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

----------

İsmayıllı rayonu, Qurbanəfəndi kəndi ərazisində yol-nəqliyyat qəzası olub.

Bu barədə Milli.Az-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin İsmayıllı rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən "BMW" və "Mercedes" markalı minik avtomobillərinin toqquşması nəticəsində yol-qəza hadisəsinin baş verdiyi və "BMW" markalı minik avtomobilinin sürücüsünün deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılı vəziyyətdə qaldığı müəyyən olunub.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sürücü, 1990-cı il təvəllüdlü Quliyev Rüfət Teymur oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə nəticəsində ümumilikdə 1-i qadın olmaqla 4 nəfər xəsarət alıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

Milli.Az