18:10
Şair Əlisəmid Kür bu gün ailəsinin razılığı əsasında Respublika Klinik Xəstəxanasından evə buraxılıb.
Bu barədə TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, pasiyentə qaraciyər və böyrək çatışmazlığı diaqnozu təyin olunmuşdu.
"Tibb müəssisəsinin Reanimasiya şöbəsində müalicəsi prosesi zamanı zəruri tibbi müdaxilələr həyata keçirilib, eləcə də yanaşı xəstəlikləri ilə əlaqədar onkoloq və digər müvafiq ixtisaslı həkimlərin iştirakı ilə konsiliumlar təşkil olunub", - məlumatda vurğulanıb.
----------
15:28
Şair Əlisəmid Kürün vəziyyəti ağırlaşıb.
Milli.Az xəbər verir ki, bu barədə "Report"a şairin ailəsi məlumat verib.
Bildirilib ki, həkimlər əlindən gələni etsə də, onun səhhətində heç bir irəliləyiş olmayıb:
"Ona görə də belə qərara gəldik ki, evə aparaq. Hazırda evdədir və vəziyyəti ağırdır".
Xatırladaq ki, Əlisəmid Kür sentyabrın 15-dən səhhətində yaranan problemlərə görə Respublika Diaqnostika Mərkəzinin reanimasiyasına yerləşdirilmişdi.
Milli.Az