Türkiyə Böyük Millət Məclisinin (TBMM) açılış ziyafətində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşən Gələcək Partiyasının sədri Əhməd Davudoğlu sosial şəbəkələrdə müzakirə olunan fotoya münasibət bildirib.
Milli.Az xəbər verir ki, ortaya çıxan görüntülərə görə Ərdoğanla gülümsəyərək söhbət edən Davudoğlu tənqidlərə cavab verib:
"Gülmək mənim xasiyyətimdir. Peyğəmbərin sünnətidir, gülmək sədəqədir. Mən Türkiyə Cümhuriyyətinin prezidentinə hörmətimi göstərirəm. Bu səbəbdən görüş zamanı gülümsəməyimdə yanlış heç nə görmürəm", - deyə o açıqlamasında bildirib.
Davudoğlu həmçinin qeyd edib ki, Qəzzadakı hadisələr fonunda ifrat gülüşün doğru olmadığını qəbul edir, lakin onun təbii xarakteri hər yerdə gülümsəməkdir:
"Bəlkə də heç kim məni evdən kənarda bu qədər gülərkən görməyib. Ancaq hər yerdə qaşqabaqlı olmaq da doğru deyil. Dəvət olunduğum bir məclisdə təbii olaraq gülümsədim".
Siyasətçi prezidentlə münasibətlərinə dair də açıqlama verib:
"Harada oluramsa olum, prezidentin yanında oturmaq və ya uzaqda olmaq fərq etmir. Mənim üçün əsas olan Türkiyə Cümhuriyyətinin prezidentinə hörmət göstərməkdir".
Milli.Az