Lənkəranda qadına qarşı zorakılıq hadisəsi baş verib.
Milli.Az-ın lent.aza istinadən verdiyi məlumata görə, insident şəhərin Mirsalayev küçəsində qeydə alınıb. 41 yaşlı Balamir Məlikov (ad və soyad şərtidir) yaşadıqları ünvanda aralarında yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib. O, əvvəlcə qadının əlini pəncərə çərçivəsində sıxıb, daha sonra yumruqla bədəninin müxtəlif hissələrinə zərbələr endirib.
Hadisə ilə bağlı Balamir Məlikov barəsində Cinayət Məcəlləsinin 128-ci maddəsi üzrə cinayət işi başlanıb.
Təqsirləndirilən şəxs ifadəsində mübahisənin səbəbinin arvadının onun sinif yoldaşı ilə əlaqə saxlaması olduğunu bildirib. Onun sözlərinə görə, Bakıda yas mərasimində olduğu zaman həyat yoldaşı həmin sinif yoldaşına zəng edərək Məlikovun həqiqətən yasda olub-olmadığını dəqiqləşdirməyə çalışıb:
"14 ildir ailəliyik, bir övladımız var. Arvadım çox qısqancdır. Sinif yoldaşımın atası rəhmətə getmişdi, yasda idim. Gec çıxdığım üçün o, sinif yoldaşıma zəng edib harada olduğumu soruşub. Bu məni çox narahat etdi. Evə qayıdanda bunu niyə etdiyini soruşdum, cavab vermədi".
Zərərçəkmiş qadın ərini bağışlamadığını bildirib və onun təqsirləndirildiyi maddə üzrə ən ağır cəza ilə cəzalandırılmasını istəyib.
Lənkəran Rayon Məhkəməsinin hökmünə əsasən, Balamir Məlikov 6 ay müddətinə azadlığının məhdudlaşdırılması cəzası alıb.
Milli.Az