Bütün İtaliya Hande Erçeldən danışır! - Sözləri böyük rezonans doğurdu - FOTO

3 Oktyabr 2025 07:35

Türkiyədə "Sən Çal Kapımı", İtaliyada isə "Love is in the Air" ("Havada Sevgi Var") serialında canlandırdığı Eda Yıldız obrazı ilə beynəlxalq səviyyədə tanınan məşhur aktrisa Hande Erçel, həm Türkiyədə, həm də Avropada geniş fanat kütləsinə sahibdir. Onun "Şöhrətin təzyiqini yox, məsuliyyətini hiss edirəm" sözləri İtaliyada da böyük maraq doğurub.

İtaliyanın tanınmış "Grazia" dərgisi yeni buraxılışının üz qabığında Hande Erçelə yer ayırıb. İtalyan mediasında yayımlanan xəbərlərdə, Erçelin həm Türkiyədə, həm də İtaliyada böyük sevgi qazandığı vurğulanıb.

Grazia yazır ki, Hande Erçel xüsusilə "Love is in the Air" serialındakı Eda Yıldız rolu ilə İtaliyada böyük şöhrət qazanıb. Serial Canale 5 telekanalında reytinq rekordları qırıb və bu rol Hande Erçeli beynəlxalq səviyyədə məşhurlaşdırıb.

Müsahibəsində Hande Erçel şöhrətə münasibətini bu sözlərlə ifadə edib:

"Şöhrətin təzyiqini çox hiss etmirəm, amma məsuliyyətini dərk edirəm. İnsanların həyatına toxunmaq, onlara ilham vermək mənə güc verir."

Xəbərdə bildirilib ki, Erçel Grazia üçün xüsusi fotosessiya çəkmək məqsədilə cəmi 24 saatlıq müddətə Milana gedib. O, gül ləçəkləri və zərif gecə geyimləri ilə kamera qarşısına keçib. Jurnal, uşaqlıqda güzgü qarşısında aktyorluq edən balaca bir qızın bu gün milyonlarla insan tərəfindən izlənən qlobal fenomenə çevrildiyini vurğulayıb.

Lalə Qüdrətova
Milli.Az