Türk dünyası təhsil mövzulu beynəlxalq film yarışmasında birləşir

2 Oktyabr 2025 18:54

Türkiyədə keçirilən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmasına Türk Dünyasından İştirakçılar Dəvət Olunur.

Milli.Az xəbər verir ki, Türkiyənin ən böyük ictimai təşkilatlarından biri olan Təhsilçilər Birliyi Həmkarlar İttifaqı (Eğitim-Bir-Sen), təhsilin fərd və cəmiyyətə təsirini kino sənəti ilə ifadə etməyi hədəfləyən 9-cu Beynəlxalq Təhsil Mövzulu Qısa Film Yarışmasına start verib.

Bu beynəlxalq müsabiqəyə, başda Azərbaycan olmaqla Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistandan olan peşəkar və həvəskar film yaradıcıları dəvət olunurlar.

Müsabiqədə iştirak etmək istəyənlər [www.ebskisafilm.org] (http://www.ebskisafilm.org) və ya [www.ebsshortfilm.org](http://www.ebsshortfilm.org) saytları vasitəsilə onlayn müraciət edə bilərlər.

Təhsil, sənət və ortaq dəyərlər bir araya gəlir

Təşkilatçılar bildirirlər ki, təhsil mövzulu qısa filmlər vasitəsilə ortaq mədəni və mənəvi dəyərlərin ifadəsi, təhsilin cəmiyyətə təsirinin göstərilməsi və bu sahədə sənət dililə yeni baxışların təqdim olunması əsas məqsədlərdəndir. Yarışmaya təqdim olunan filmlərin Türk dünyası xalqları arasında qardaşlıq bağlarını möhkəmləndirəcəyi və gələcək nəsillərə ilham verəcəyi vurğulanır.

Yarışmanın şərtləri və qiymətləndirmə qaydaları

Yarışmada yalnız təhsil mövzusunda çəkilmiş bədii (kurmaca) qısa filmlər qəbul olunur. Filmlərin müddəti maksimum 15 dəqiqə olmalıdır. İştirakçılar 18 yaşını tamamlamış həvəskar və ya peşəkar şəxslər ola bilər.

Qiymətləndirmə iki mərhələdən ibarətdir. Əvvəlcə ilkin seçim mərhələsində texniki və sənət baxımından uyğun əsərlər arasından ən çox 20 film seçiləcək. Daha sonra əsas münsiflər heyəti tərəfindən qaliblər və xüsusi mükafat sahibləri müəyyən olunacaq.

Münsiflər heyətində tanınmış rejissorlar, kino tənqidçiləri və jurnalistlər yer alır. Bu il münsiflər arasında rejissor və ssenarist İsmail Güneş, jurnalist-tənqidçi Bedir Acar, kino yazarı Enver Gülşen, rejissor Mutlu Kurnalı, rejissor və ssenarist Yeşim Tonbaz, həmçinin Anadolu Agentliyindən Barışkan Ünal yer alır.

Qaliblərə pul mükafatları təqdim olunacaq

Yarışmada birinci yerin qalibinə səksən min Türkiyə lirəsi, ikinci yerin qalibinə altmış min lirə, üçüncü yerin qalibinə isə qırx min lirə pul mükafatı təqdim olunacaq. Bundan əlavə, "Mehmet Akif İnan Xüsusi Mükafatı" çərçivəsində otuz min lirə, "Erol Battal Sendikal Kadraj Mükafatı" çərçivəsində isə iyirmi min lirə məbləğində mükafat veriləcək.

Qeyd edək ki, bu il Erol Battal mükafatı ilk dəfə olaraq *Eğitim-Bir-Sen üzvlərinin səsverməsi ilə* müəyyən olunacaq.

Müraciət və nəticə tarixləri

Müsabiqəyə son müraciət tarixi 12 yanvar 2026, nəticələrin açıqlanması isə 30 yanvar 2026- cı il tarixində baş tutacaq.

Ətraflı məlumat və qeydiyyat üçün aşağıdakı ünvanlara daxil ola bilərsiniz:
 [www.ebskisafilm.org](https://www.ebskisafilm.org)
 [www.ebsshortfilm.org](https://www.ebsshortfilm.org)

Milli.Az