Bakıda maşını servisə verdi, detallarını dəyişdilər - "Ford Club" servisdən ŞİKAYƏT

1 Oktyabr 2025 16:41

Bakının Keşlə qəsəbəsində yerləşən avtomobil təmir mərkəzi ilə bağlı redaksiyamıza şikayət daxil olub.

Milli.Az xəbər verir ki, şikayətçi iddia edir ki, 2017-ci il istehsalı olan "Ford Fusion" markalı avtomobili təmirə verdikdən sonra orijinal hissələr qeyri-orijinal və köhnə detallar ilə əvəz olunub.

Onun sözlərinə görə, avtomobil 1 sentyabrdan 18 sentyabr tarixləri arasında Keşlədə yerləşən "Ford Club" servisində təmirdə olub. Həmin müddətdən sonra nəqliyyat vasitəsinin günəş ştorkaları, tavan örtüyü, qapı dəstəkləri, təhlükəsizlik kəmərləri və yan güzgüləri dəyişdirilib.

"Əvvəl maşınımız tam orijinal idi. Təmirə verdikdən sonra detallara baxanda fərqli hissələrin quraşdırıldığını gördük. Sonradan müəyyən etdik ki, hissələrin bir çoxu 2013-cü ilin Ford Fusion modelindən götürülüb", - deyə avtomobil sahibi bildirib.

Şikayətçinin sözlərinə görə, servis rəhbərliyi məsuliyyəti qəbul etməyib və təhlükəsizlik kameralarının hər şeyi göstərdiyini iddia edib. Lakin vətəndaş bununla razılaşmır və hadisəni açıq-aşkar oğurluq adlandırır.

Məsələ ilə bağlı vətəndaş polisə ərizə ilə müraciət edib. Hazırda hüquq-mühafizə orqanları şikayəti araşdırır.

Şikayətlə bağlı Milli.Az-ın əməkdaşı  "Ford Club" servislə əlaqə saxlasa da, özünü servisin hüquqşünası kimi təqdim edən şəxs əvvəlcə rəsmi sorğu ünvanlamağımızı istədi. Daha sonra elektron mail hesablarının olmadığını iddia edərək məsələdən yayınmağa çalışdı.

Mehman Əsədov
Milli.Az