Dünyanın "ürəyini parçalayan" görüntülər: Şahzadə Diananın son kadrları ÜZƏ ÇIXDI - VİDEO

4 Oktyabr 2025 04:04

Britaniya kral ailəsinin ən çox sevilən üzvlərindən biri olan Şahzadə Diana həyatını itirməzdən cəmi bir həftə əvvəl çəkilən görüntüləri ilə yenidən gündəmə gəlib.

Milli.Az xəbər verir ki, xarici mediada yayılan kadrlar 1997-ci ilin avqustuna aiddir. Parisdə baş verən faciəvi avtomobil qəzasından əvvəl Diana Aralıq dənizində sevgilisi Dodi əl-Fayedə məxsus yaxtada istirahət edirdi. Həmin günlərdə lentə alınan fotolarda şahzadənin təkbaşına oturduğu, dərin fikirlərə dalaraq uzaqlara baxdığı əks olunur.

Jurnalistlər və tarixçilər həmin kadrları "Dünyanın ürəyini parçalayan görüntülər" adlandırırlar. Çünki fotolarda Diana əslində milyonların sevimlisi olsa da, özünü tənhalıq içində hiss edən, taleyindən narazı və düşüncələrə qapılmış bir qadın kimi görünür.

Məlumatlara görə, şahzadə həmin vaxt mətbuatın fasiləsiz təqibindən yorulmuş, şəxsi həyatını qorumaqda çətinlik çəkirdi. Onun səmimi ifadəsi və kədərli baxışları ölümündən sonra ictimaiyyət arasında "sanki sonunu hiss edirdi" kimi şərh olunub.

Xatırladaq ki, Diana 1997-ci il avqustun 31-də Parisdə baş verən dəhşətli qəza nəticəsində 36 yaşında dünyasını dəyişmişdi. Onun ölümü bütün dünyada böyük sarsıntı yaratmış, milyonlarla insanı kədərləndirmişdi.

Bu kadrlar isə illər keçməsinə baxmayaraq, şahzadənin həyatındakı tənhalığı və taleyinin faciəvi sonunu simvolizə edən unudulmaz xatirələrdən biri kimi qalır.

Hüseyn
Milli.Az