Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsinin Savalan yaşayış massivindən keçən Samur-Abşeron su kanalı uzun müddətdir ki, baxımsız və antisanitar vəziyyətdədir.
Milli.Az xəbər verir ki, sakinlərin sözlərinə görə, ərazidə zibil qutularının az olması səbəbindən plastik torbalar, məişət və qida tullantıları birbaşa kanala atılır. Lakin müşahidələr göstərir ki, ərazidə kifayət qədər tullantı konteynerləri mövcuddur.
Əlavə olaraq, kanalizasiya sistemi olmadığı üçün bəzi hallarda kanal çirkab sularının axıdıldığı yerə çevrilir.
Məsələ ilə bağlı Sabunçu Rayon İcra Hakimiyyəti məlumat verib ki, kanal boyunca bütün əlçatan yol sahələrində tullantıların toplanması üçün müvafiq konteynerlər yerləşdirilib. Şikayət olunan ərazidə isə hər birində 5 konteyner olan iki zibil meydançası fəaliyyət göstərir.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti isə açıqlamasında bildirib ki, Samur-Abşeron kanalı suvarma təyinatlıdır və hazırda istifadədə deyil. Fəaliyyəti dayandırıldığı müddətdə sakinlər tərəfindən ora müxtəlif tullantılar atılır. Hətta sukanal idarəsinin qəza xidməti kanalı vaxtaşırı təmizləsə də, eyni problem yenidən yaranır və edilən xəbərdarlıqlara baxmayaraq vəziyyət dəyişmir.
Asya
Milli.Az