Ukrayna girov kimi: Qərb müharibəni rus pulları ilə bitirə biləcəkmi?

30 Sentyabr 2025 11:41

Hər müharibədə bir məqam gəlir ki, tərəflər artıq "necə döyüşməli" sualını yox, "nə şərtlərlə dayanmaq olar" sualını verir. Müasir informasiya müharibələri nəzəriyyəsi deyir: sülhə əsas maneə yalnız düşmənin imkanlarını anlamamaq deyil, həm də müharibədən sonrakı düzənin necə qurulacağına dair qeyri-müəyyənlikdir. Ukrayna indi bu dilemmanın canlı nümunəsidir.

Milli.Az "Baku Network"da dərc olunmuş məqaləni təqdim edir:

Bir tərəfdən, Avropa müharibədən sonra Ukraynaya "təhlükəsizlik zəmanətləri" verməkdən danışır. Digər tərəfdən, ABŞ Rusiyayla açıq toqquşmaya girmək istəmir, buna görə də formal şəkildə bu ideyanı dəstəkləsə də, konkret parametrləri ortaya qoymur. Nəticədə zəmanətlər kağız üzərində qalır, onlara etimad isə duman kimi əriyir.

Bu dalanda diqqət daha çox başqa variant üzərində cəmlənir: Ukraynanın öz müdafiə gücünü kəskin şəkildə artırmaq. Söhbət ölkəni yad qoşunlarla doldurmaqdan getmir, əksinə, Ukraynanı elə bir "kirpi"yə çevirməkdən gedir ki, ona hücum etmək Moskva üçün həddən artıq baha başa gəlsin. Ancaq bu strategiya birbaşa Qərbin uzunmüddətli maliyyə, texnologiya və hərbi dəstəyindən asılıdır.

Qərb üçün bu, kompromis kimi görünür: Vaşinqton və Brüssel Moskva ilə birbaşa savaş riskindən qaçır, amma bunun müqabilində milyardlarla dollar ödəməli olur. Yəni, hərbi zəmanətlərin yerini pul və texnologiya alır. Amma Qərb bu yükün altına girməyə həqiqətən hazırdırmı?

Kiyevin üç poslmüharibə imtahanı
Müharibə dayanan kimi Ukraynanın qarşısında üç strateji vəzifə qalacaq:

Büdcə və iqtisadiyyat. Hazırda dövlət büdcəsinin illik kəsiri 40 milyard dollardan çoxdur, gəlirlərin yarıdan çoxu isə xarici yardımla təmin edilir.
İnfrastrukturun bərpası. Dünya Bankının hesablamasına görə, dağıntıların həcmi 486 milyard dollardan artıqdır. Bu rəqəm müharibədən öncəki illik ÜDM-in dörd qatına bərabərdir.
Müdafiə gücü. NATO standartlarına görə, ölkələr ÜDM-in ən azı 2 faizini hərbiyə xərcləməlidir. Ukrayna üçün bu, realda 6 - 7 faiz deməkdir. Bu isə ildə on milyardlarla dollar tələb edir.
Qısası, xarici dayaqlar olmadan bu planların heç biri işləməyəcək.

Rus aktivlərinin müsadirəsi: çıxış yolu, yoxsa tələ?
Avropa artıq tabu sayılan bir addımı atıb - dondurulmuş Rusiya aktivlərini Ukraynaya yönəltməyə başlayıb. Təxminən 300 milyard dollardan söhbət gedir, bunun 200 milyardı Avropadadır. Ancaq bu vəsait Kiyevin ehtiyaclarını hətta beş illik perspektivdə belə ödəməyə yetməyəcək. Üstəlik, belə bir addım Avropanın investisiya reputasiyasını sarsıdır və kapital qaçışını sürətləndirə bilər.

Pul tapılsa belə, başqa sual doğur: onu kim və necə nəzarətdə saxlayacaq? Qərb donorları dəfələrlə Ukraynada korrupsiya baryeri ilə üzləşiblər. Transparency International-ın 2024 reytinqində Ukrayna 104-cü yeri tuturdu - Afrika və Latın Amerikası ölkələri ilə eyni sırada. Xarici audit və ciddi nəzarət mexanizmləri olmadan hər bir yardım "qara dəlik"ə çevrilə bilər.

Beləliklə, Qərb iki yolun qarşısında qalıb: ya Rusiyayla açıq riskə girib sərt zəmanətlər verməli, ya da Ukraynanı "qalaya" çevirmək üçün nəhəng maliyyə öhdəliklərinin altına girməlidir. Birinci variant qlobal müharibə, ikinci isə Avropa və ABŞ vergi ödəyicilərinə sonsuz hesablar deməkdir.

İllüziyalar və reallıq arasında: müharibənin yol ayrıcı
Amerikalı politoloq Sinthiya Roberts yazır: danışıqlar üçün yer yalnız o vaxt açılır ki, tərəflərin gözləntiləri real vəziyyətlə üst-üstə düşsün. Müharibənin ilk aylarında Moskva və Kiyev tam fərqli ssenarilərlə yaşayırdı. İndi isə hər iki tərəf imkanlarının sərhədlərini qəbul etməyə məcburdur.

Kiyev artıq etiraf edir ki, bütün ərazilərin yaxın zamanda qaytarılması real görünmür. Qərbin silah axını belə insan resursunun tükənməsini və infrastrukturun dağılmasını kompensasiya edə bilmir. Müdafiə xərcləri 2025-in ortasında büdcənin 60 faizini udub, xarici borc isə 160 milyard dollara çatıb. Ölkədən kənarda qalan 7 milyona yaxın vətəndaş isə mobilizasiya imkanlarını çökdürür.

Moskva da strateji qələbəyə arxayın ola bilmir. Xarkov yaxınlığındakı hücum planı ağır və uzanan döyüşlərə çevrildi. Ukraynanın neftayırma zavodlarına zərbələri Rusiya daxilində yanacaq böhranı yaratdı: 2025 yayında benzinin qiyməti 25 faiz artdı. Büdcə gəlirləri xərcləri qarşılamır: 2023-də 90 faiz idi, 2025-də isə 80 faizə düşüb. Bu, defisitin yalnız borc və vergi yükü hesabına bağlandığını göstərir.

Avqust sammitləri - Alyaskada Putin-Tramp görüşü, ardınca Vaşinqtonda Zelenski və Avropa liderləri ilə danışıqlar - dalanı daha da açıq göstərdi. Putin işğal edilmiş ərazilərin tanınmasını tələb edir, Zelenski isə yalnız sərt təhlükəsizlik zəmanətləri müqabilində güzəştdən danışır. Qərb isə real mexanizm təqdim edə bilmir.

Sabiq ABŞ səfiri Maykl Makfol yazır: Tramp strateji səhv buraxdı, danışıqları iki paralel xəttə bölməklə. Əvvəlcə ABŞ - Aİ - Kiyev formatında təhlükəsizlik zəmanətlərini rəsmiləşdirmək, sonra isə Putinə ərazilər mövzusunu açmaq lazım idi. Axı 1994 Budapeşt memorandumu məhz zəmanətsizlik ucbatından kağız parçasına çevrildi.

Buradakı paradoks açıqdır. Kiyev üçün "ərazi məsələsi" yalnız gələcəkdə torpaqların dinc yolla qaytarılması deməkdir. Moskva üçün isə "ərazi güzəşti" yeni bölgələrin verilməsidir. Bu ziddiyyət hər bir dialoqu mənasızlaşdırır.

Roberts daha da irəli gedir: beynəlxalq zəmanətlərin heç biri etibarlı deyil. Avropa nə psixoloji, nə də hərbi baxımdan Rusiyayla müharibəyə hazırdır. ABŞ isə konfliktin dayanmasını istəyir, amma yeni öhdəliklərdən qaçır. Bu qeyri-müəyyənlik Kremli hər vədi sınamağa vadar edir.

Yeganə çıxış yolu: Ukraynanın öz gücü
Ukrayna üçün yeganə real zəmanət öz hərbi potensialının böyüməsidir. Son illər göstərdi ki, Rusiyanın texnika və canlı qüvvə üstünlüyü belə qələbə gətirmədi. Dronlar, yüksək dəqiqlikli raketlər, real vaxt kəşfiyyat sistemi bu fərqi kəskin azaltdı.

SIPRI-nin məlumatına görə, 2024-də Ukrayna 70 milyard dollardan artıq hərbi yardım aldı. Burada ən müasir HHM sistemləri və uzaqmənzilli raketlər də var. Deməli, gələcəkdə hər yeni hücum Moskva üçün qat-qat baha başa gələcək.

Amma əsas məsələ maliyyədir. Ukrayna Qərbin dəstəyi olmadan 700 minlik ordunu saxlaya bilməz. Avropa iqtisadi böhran içindədir: enerji bahalaşır, sənaye tənəzzül edir, büdcələr kəsirdədir. ABŞ isə yeni seçki marafonuna girib, Kiyevə yardım məsələsi daxili siyasi savaşın alətinə çevrilib.

"Polad kirpi"nin qiyməti: Ukraynanın təhlükəsizliyi qızıl çəkidə

Mifdən siyasi layihəyə
"Polad kirpi" ifadəsi sadəcə metafora deyil. Bu, Qərbin strateji layihəsidir: Ukraynanı elə silahlandırmaq ki, Rusiyanın hər hansı yeni hücumu Kreml üçün fəlakətli itkilərlə nəticələnsin. Amma gurultulu adın arxasında ziddiyyətli mənzərə gizlənir. Burada söhbət açıq hərbi zəmanətlərdən qaçaraq kompromis formalaşdırmaqdan gedir.

ABŞ Kiyevə "mini NATO-nun 5-ci maddəsi"ni vermək istəmir. Brüssel isə məsuliyyət yükünü Vaşinqtonun üzərinə atmağa çalışır. Koalisiyada "istəklilər"in sayı artdıqca, məlum olur ki, onların çoxu əslində "yarı-istəklilər"dir. Bu ikili oyun Moskva üçün münbit zəmin yaradır: Qərbin tərəddüdlərini fürsət pəncərəsi kimi dəyərləndirib revanşist addımlar atmağa çalışır.

Əslində "kirpi konsepsiyası" kollektiv müdafiə zəmanətini texnoloji inteqrasiya və maliyyə axınları ilə əvəzləmək cəhdidir. Amma müharibə şəraitində bu tip "qeyri-hərbi zəmanətlər" sistemin ən zəif bəndinə çevrilir.

İqtisadiyyatın süni nəfəs aparatı
Ukraynanın iqtisadiyyatı hazırda süni nəfəs aparatına qoşulub. Maliyyə Nazirliyi xəbərdarlıq edir ki, 2026-cı ildə büdcə kəsiri 60 milyard dollara yaxınlaşacaq. Bu, ölkənin ÜDM-nin yarısına bərabərdir. Xarici dəstək olmadan Kiyev nə ordunu, nə də sosial sahələri saxlaya biləcək.

Maliyyə boşluğunun miqyası dəhşətlidir. Hökumət Beynəlxalq Valyuta Fondu ilə razılaşmalardan sonra 2026 - 2027-ci illər üzrə maliyyə ehtiyaclarını 38 milyarddan 65 milyarda qaldırdı. 2025-də Kiyev 54 milyard dollar alır. Amma 2026 üçün cəmi 22,2 milyard təsdiqlənib. Detallara baxaq:

11 milyard dollar - G7-nin ERA adlı təcili kredit proqramı, 2026 sonunda dayanacaq;
7,8 milyard dollar - Avropa Komissiyasının Ukraine Facility paketi;
2,2 milyard dollar - BVF-dən tranş;
1,2 milyard dollar - digər mənbələr.
2027 üçün isə yalnız 1 milyard BVF vəsaiti təsdiqlənib. Beləliklə, 110 milyard dollarlıq tələbat qarşısında 45,4 milyard real öhdəlik var. Yəni 65 milyardlıq boşluq. Müqayisə üçün: bu, Fransanın illik hərbi büdcəsindən çox, Slovakiya və ya Bolqarıstanın bütün ÜDM-i qədərdir.

Dondurulmuş rus pulları - "reparasiya krediti"
Bu fonda Avropa və G7 iki il əvvəl ağlasığmaz görünən addımı müzakirəyə çıxarıblar: dondurulmuş rus aktivlərindən istifadə. Euroclear sistemində 190 milyard avro saxlanılır, bunun 175 milyardı potensial hərəkətə gətirilə bilər. Əslində isə real məbləğ 130 milyard avrodan artıq deyil, çünki 45 milyard ERA kreditinin ödənilməsinə yönələcək.

Əgər bu plan reallaşsa, Ukrayna ilk dəfə "agressor hesabına reparasiya" alacaq, özü də sülh müqaviləsi imzalanmadan. Amma bu addım presedent yaradır. Çin də daxil olmaqla, Körfəz ölkələri açıq şəkildə narahatdır: onların da ehtiyatları Avropa və ABŞ banklarında artıq "toxunulmaz" deyil.

Beləcə, "polad kirpi" hərbi layihədən çox, iqtisadi voronkaya çevrilir. Bu voronka yüz milyardlarla dolları udacaq. Yeni modelin adı belədir: Ukrayna forpost rolunda, Qərb tərəfdaşlarının puluna dayanan, amma torpağında onların ordusu olmayan bir dövlət.

Bu modelin qiyməti illik 50 - 60 milyard dollar təşkil edir. Bu isə ABŞ-ın Avropadakı hərbi bazalara illik xərclədiyi məbləğlə eyni səviyyədədir. Əgər Avropa bu məsuliyyəti boynuna almağa hazır deyilsə, "kirpi" sadəcə bahalı illüziya olaraq qalacaq: Moskvanı dayandırmayacaq, amma həm Kiyevi, həm də onun müttəfiqlərini qanadacaq.

Hüqo Diksonun ideyası və SPV mexanizmi
Qərbin hazırladığı maliyyə sxemi son illərin ən mürəkkəb hüquqi-kredit mexanizmlərindən biri hesab olunur. Bu, "reparasiya krediti"dir. Britaniyalı analitik Hüqo Dikson hələ 2022-də bu ideyanı irəli sürmüşdü. Məntiq sadədir: necə olsa, Rusiya müharibədən sonra reparasiya ödəməli olacaqsa, niyə gözləmək lazımdır? Dondurulmuş vəsaiti indi işə salmaq olar.

Reuters-in məlumatına görə, mərkəzi halqa SPV adlı xüsusi maliyyə strukturu olacaq. Bu strukturu Aİ hökumətləri, bəlkə də G7 ölkələri formalaşdıracaq. Euroclear-də dondurulmuş 190 milyard avro bu SPV-yə yönləndiriləcək. Euroclear isə əvəzində sıfır faizli istiqrazlar alacaq. Formal olaraq Avropa Rusiyanın pulunu müsadirə etmir, sadəcə "forma dəyişikliyi" edir. Əslində isə həmin vəsait Ukrayna üçün işləməyə başlayacaq.

Avropa siyasətində konsensusun sınağı
Ən maraqlı intriqa isə Macarıstan və Slovakiyanın mövqeyidir. Bu iki ölkə ardıcıl şəkildə rus aktivlərinin tam istifadəsini bloklayırdı. Amma Avropa Komissiyasının hüquqşünasları SPV-ni onların iştirakı olmadan yaratmaq planı üzərində işləyir. Əgər bu baş tutsa, bu, təkcə Aİ hüququnda presedent olmayacaq, həm də konsensus prinsipinə ağır zərbə olacaq. Bu prinsip isə Avropa siyasətinin özülünü təşkil edir.

Berlinin dönüşü və "reparasiya krediti"nin hüquqi minaları

İdeyanın önə çıxmasında əsas rol Berlindəki mövqenin dəyişməsinə məxsusdur. Əvvəlki hökumət dövründə Almaniya hər cür konfiskasiya təşəbbüsünü bloklayırdı. Səbəb sadəydi: Avropa maliyyə sisteminə inamın zədələnməsi. Amma yeni kansler Fridrix Mers yazda açıq dedi: "Əgər hüquqi yol tapılarsa, Almaniya ehtiyatların Ukraynaya verilməsini dəstəkləyəcək". Bu bəyanat dönüş nöqtəsi oldu. Çünki Aİ-nin ən iri iqtisadiyyatı başa düşür: ya Moskvanın pulları Kiyevə gedəcək, ya da Almaniya büdcəsindən on milyardlarla avro ayrılacaq.

Bloomberg-in hesablamasına görə, söhbət ildə təqribən 40 milyard avrodan gedir. Əgər "reparasiya krediti" işə düşməsə, bu yük məhz Berlini vuracaq. CDU-nun reytinqlərdə AfD-yə uduzduğu bir vaxtda belə büdcə zərbəsi Mers hökuməti üçün siyasi fəlakət ola bilər.

Ən zəif bənd isə beynəlxalq hüquqdur. Formal olaraq reparasiyanı yalnız BMT-nin Beynəlxalq Məhkəməsi təyin edə bilər. Amma Rusiya Təhlükəsizlik Şurasında veto hüququ ilə istənilən qərarı bloklayır. BMT Baş Assambleyası hələ 2022-də Ukraynanın kompensasiya haqqını tanıyan qətnamə qəbul etsə də, onun tövsiyə xarakteri var.

Alternativ variant - Avropa Şurasının xətti ilə yeni yaradılan CAHEC komissiyasıdır. Onun vəzifəsi ziyanı sənədləşdirmək və gələcək iddialar üçün hüquqi baza hazırlamaqdır. Almaniya və Fransa israr edir ki, məhz Avropa Şurası "reparasiya krediti"nin hüquqi çətiri rolunu oynamalıdır. Mers isə Financial Times-də yazdığı məqalədə vurğuladı: "Dondurulmuş aktivlər yalnız Rusiya öhdəliklərini yerinə yetirəndən sonra açılacaq".

Silah, yoxsa sosial ehtiyaclar?
Burada daha bir dilemma var. Avropa aktivlərin ilk növbədə silah alışına yönəlməsini istəyir. Mers açıq dedi: "Hər avro Ukraynanın və Avropanın təhlükəsizliyi üçün işləməlidir". Amma Dünya Bankı xəbərdarlıq edir: Ukraynanın iqtisadiyyatı 2025-dən başlayaraq hər il ən azı 15 - 18 milyard dollar xarici dəstəyə möhtacdır - maaşlar, səhiyyə, infrastruktur üçün. Əgər bütün resurs hərbiyə getsə, ölkə daxildə sosial böhranla üzləşəcək: əsgərlər silahlanacaq, amma əhali çörəksiz qalacaq.

İnam problemi də qalır. Sorğular göstərir ki, ukraynalıların antikorrupsiya institutlarına etimadı 30 faizi keçmir. Avropalı auditorlar qorxur ki, milyardlarla avro zəif nəzarət şəraitində "sızacaq". Əgər belə olsa, "reparasiya krediti" Avropaya inamı artırmaq əvəzinə, tənqid üçün yeni arqumentlər doğuracaq.

Yeni mexanizm, yeni oyun qaydaları
Bu sxemin işə düşməsi sadəcə maliyyə addımı olmayacaq. Bu, Qərbin ənənəvi beynəlxalq institutların yanından dolaşıb yeni mexanizmlər qurmağa hazır olduğunu göstərəcək. Faktiki olaraq, BMT Təhlükəsizlik Şurasının monopoliyası sarsılır. Rusiya üçün isə bu, soyuq müharibədən bəri ən böyük itki olacaq - Moskvanın "maliyyə toxunulmazlığı" imicinə ağır zərbə.

Qlobal maliyyə sisteminə sistemli çağırış
"Reparasiya krediti" dondurulmuş aktivlərin texniki paylaşımı deyil. Bu, bütün müharibədənsonrakı maliyyə arxitekturasını silkələyən presedentdir. 1944-cü il Bretton-Vuds sazişindən bəri dövlətlərin suveren ehtiyatları Qərb banklarında toxunulmaz sayılırdı. SSRİ belə soyuq müharibə illərində milyardlarını Qərb hesablarında saxlayırdı.

İndi isə rus aktivlərinin dondurulub Ukraynaya yönəldilməsi ilk dəfə beynəlxalq maliyyə sistemini kollektiv cəza alətinə çevirir. Bu, oyun qaydalarını dəyişir. Çin, Hindistan, Braziliya, Səudiyyə Ərəbistanı addımları diqqətlə izləyir. BVF-in məlumatına görə, inkişaf etməkdə olan ölkələrin ehtiyatlarının 60 faizi dollar və avro formasındadır. Əgər Moskva presedenti reallaşsa, mesaj aydındır: Qərblə qarşı-qarşıya gələn hər rejim öz ehtiyatlarını itirmək riski ilə üz-üzə qalacaq.

Məhz buna görə Pekin və Dehli alternativ sistemləri sürətləndirir. Çin CIPS platformasında 2024-də əməliyyatları 35 faiz artırıb, 20 trilyon yuan həddinə çatdırıb. Hindistan qonşularla ticarətdə rupi ödənişlərini artırır. Körfəz ölkələri isə neft ticarətində yuan və dirhəmə keçid planlarını sürətləndirir.

Dollar uzun illər "inam valyutası" idi. Amma Rusiya hadisəsi bu dayağı laxladır. Artıq 2024-də dünya ehtiyatlarında dolların payı 57 faizə düşüb - son 25 ilin minimumu. Bank for International Settlements xəbərdarlıq edir: əgər rus aktivləri Ukraynaya verilsə, diversifikasiya prosesi sürətlənəcək. Qızılın payı iki ildə 13-dən 18 faizə qalxıb, yuan, rupi və dirhəm kimi alternativ valyutalar möhkəmlənir.

Avropanın ikili riski
Avropa bir tərəfdən Ukraynaya dəstək verir, digər tərəfdən özünün maliyyə mərkəzi statusunu riskə atır. Euroclear, yəni 190 milyard avro rus ehtiyatının saxlandığı mərkəz, artıq neytral klirinq imicini itirmək təhlükəsi ilə üz-üzədir. Əgər iri dövlətlər ehtiyatlarını çıxarmağa başlasa, bütün Avropa maliyyə sisteminin dayaqları laxlayacaq.

Məhz buna görə Aİ daxilində mübahisə yalnız hüquqi forma deyil, həm də miqyas üzərində gedir. Fransa ilk mərhələdə cəmi 3 milyard avro verməyi, yəni test rejimini təklif edir. Almaniya isə tammiqyaslı mexanizm istəyir: məqsəd qətiyyət nümayiş etdirməkdir.

Vaşinqton isə Avropanı daha sərt qərara itələyir. ABŞ üstün mövqedədir: qlobal ehtiyatların 60 faizdən çoxu dollarla idarə olunur. Rusiyanın ABŞ-da dondurulmuş aktivləri minimum səviyyədədir, əsas yük Avropanın üzərindədir. Yəni hüquqi və maliyyə riski Brüssel və Berlinin üzərinə düşür.

Amerika üçün bu, ikiqat qazancdır: həm liderliyi güclənir, həm də euronun rezerv valyuta kimi rəqabət qabiliyyəti zəifləyir. ABŞ-ın sabiq maliyyə naziri Lourens Sammerzin dediyi kimi: "Reparasiya krediti təkcə Ukraynanı dəstəkləmək addımı deyil, həm də dolların qlobal təminat funksiyasını yerinə yetirən yeganə valyuta olduğunu sübut edəcək".

Moskva üçün şok və qlobal maliyyə düzənində dönüş

Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsi Moskva üçün sıradan zərbə deyil, strateji fəlakət olacaq. Təxminən 300 milyard dollarlıq ehtiyatların itirilməsi Mərkəzi Bankın manevr imkanlarını daraldır, valyuta intervensiyalarını məhdudlaşdırır və Çindən asılılığı daha da dərinləşdirir. Onsuz da 2025-də Rusiyanın xarici ticarətinin 40 faizi yuanla aparılır, çin kreditləri və texnologiyalarından asılılıq sürətlə artır.

Amma maddi tərəfdən daha ağrılı olan siyasi effektdir. Tarixdə ilk dəfə Rusiya xaricdəki əmlakını itirməklə qalmır, bu vəsait rəsmi şəkildə onun rəqibinə yönləndirilir. Elitaya verilən mesaj açıqdır: Qərbdə saxlanılan bütün ehtiyatlar - istər dövlət, istər şəxsi - istənilən anda təzyiq alətinə çevrilə bilər.

Beləliklə, "reparasiya krediti"nin işə düşməsi təkcə Ukrayna məsələsi deyil. Bu, onilliklər boyu qlobal maliyyə arxitekturasını müəyyən edəcək dönüş nöqtəsidir. Əgər dollar və avro dünya ictimaiyyətini inandıra bilsə ki, Rusiya halı unikaldır, onlar "etibar valyutası" statusunu qoruyacaq. Əks halda, ehtiyatların alternativ vasitələrə axını başlayacaq və maliyyə sahəsində çoxqütblülük sürətlənəcək.

Maliyyə silahına çevrilən Qərb
Əgər rus aktivləri Kiyevə ötürülərsə, nəticələr təkcə Moskva və Avropanı yox, bütün dünyanı əhatə edəcək. Əslində yeni qlobal idarəetmə modeli qurulur: maliyyə birbaşa silah kimi istifadə olunur.

Vaşinqton üçün bu, gözlənilən revanşdır. Əfqanıstan və İraq müharibələrinin xaosu, 2008 böhranı və Tramp dövründə imic itkilərindən sonra ABŞ yenidən qlobal sistemin memarı rolunu qazanır. Avropanı riskli qərara itələməklə, Vaşinqton həm də qlobal maliyyə infrastrukturuna nəzarətini gücləndirir.

Üstəlik, Rusiya və Çin BRICS, Şanxay Təşkilatı və milli valyuta ödənişlərini irəli sürsə də, ABŞ hesab edir ki, aktivlərin dondurulması qorxusu ölkələrin əksəriyyətini dollar orbitində saxlayacaq. Qısamüddətli perspektivdə bu, işə yarayacaq: kiçik və orta dövlətlər riskdən qaçıb ehtiyatlarını ABŞ-ın idarə etdiyi sistemdə saxlayacaq.

Avropa - ön xətdə
Amma Avropa başqa durumda: mexanizmsiz "reparasiya krediti" mümkün deyil, çünki əsas alətlər - Euroclear və Avropa bankları - məhz onun əlindədir. Lakin bütün reputasiya və hüquqi riskləri də Avropa daşıyır. Bu isə qitəni ABŞ-dan strateji baxımdan daha çox asılı edir. Beləliklə, Vaşinqton Avropanın həm hərbi, həm də maliyyə təhlükəsizliyinə nəzarəti artırır.

Çinin fürsəti
Ən böyük qazancı isə Pekin əldə edə bilər. Qısamüddətli mərhələdə Çin sadəcə müşahidəçidir. Amma uzunmüddətdə yuanın beynəlmiləlləşməsi üçün bənzərsiz şans qazanır. Artıq Çinin xarici ticarətinin 25 faizdən çoxu yuanla aparılır. Əgər qlobal Cənub ölkələri ehtiyatlarını avrodan və qismən dollardan çıxararsa, əsas "sığınacaq" məhz Çin olacaq.

Rusiyanın Qərbdən təcridi Moskvanı daha da Pekinə bağlayır. Enerji, texnologiya, infrastrukturda imtiyazlar yuanı bölgədə güc mərkəzinə çevirir. Moskva üçün bu, sadəcə pul itkisi deyil - tam izolyasiya göstəricisidir.

Yeni maliyyə çoxqütblülüyü
Asiya, Afrika və Latın Amerikası üçün əsas sual budur: ehtiyatlarını necə qorumaq olar? Qərbin maliyyəni silah kimi istifadə etməyə hazır olduğunu gördülər. Alternativlər isə - yuan və qızıl - hələ tam likvidlik təmin etmir.

Gözlənilən ssenari belədir: ehtiyatlar balanslı şəkildə paylanacaq. 2030-a qədər dollar və avronun ümumi payı 50 faizə enəcək, yuan 15 - 20 faizə, qızıl isə 25 faizə qalxacaq. Bu da real maliyyə çoxqütblülüyünün başlanğıcı olacaq.

Tarixi dönüş
"Reparasiya krediti" Ukrayna üçün maliyyə dəstəyi olmaqla qalmır, bütöv bir epoxanı dəyişir. Qərb maliyyə institutlarının neytrallığından imtina edir və onları geosiyasətin alətinə çevirir. ABŞ liderliyini möhkəmləndirir, Avropa muxtariyyətini itirir, Çin qlobal sıçrayış şansı qazanır, Rusiya strateji məğlubiyyət yaşayır, qlobal Cənub isə balans axtarışına məcbur olur.

Tarixçilər bu məqamı belə qeyd edəcəklər: "etibar dollarının epoxası" sona çatdı, "maliyyə müharibələrinin epoxası" başladı.

Milli.Az