Azərbaycanlı uşaqlar İspaniyadan GÖNDƏRİLİR - Adnan Əhmədzadəyə görə

30 Sentyabr 2025 10:48

Artıq 2 ildən çoxdur ki, "Marset" Futbol Akademiyası ilə ASTA (Azerbaijan Sport Talents Academy) arasındakı əməkdaşlıq çərçivəsində 30-dan çox azərbaycanlı uşaq bu akademiyada futbol oynayır. 

Milli.Az Sportal.az-a istinadən xəbər verir ki, iş adamı Adnan Əhmədzadənin həbsindən sonra "Marset" azərbaycanlı uşaqları geri göndərmək qərarı verib. 

Buna səbəb ASTA-nın növbəti ay üçün ödənişləri etməməsidir. Oradakı uşaqların valideynlərinə mövcud durumla bağlı bildiriş olub. Ehtimal var ki, "Marset" ən istedadlı bir neçə nəfəri saxlasın. Oktyabrın 1-də İspaniya klubu yekun qərarını verəcək. 

ASTA-nın rəhbəri Rafael Bünyatov açıqlamalarında bu günə qədər bütün xərclərin Adnan Əhmədzadə tərəfindən qarşılandığını deyib. İş adamının həbs olunmasıyla ödənişlər dayandırılıb. 

Qeyd edək ki, Bakının Səbail Rayon Məhkəməsi sentyabrın 20-də SOCAR-da yüksək vəzifələr tutmuş Adnan Əhmədzadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib. Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.

Milli.Az