İqlim dəyişikliyi bəşəriyyəti yanğınlar, daşqınlar, ərzaq qıtlığı və sosial-iqtisadi böhranlarla müşayiət olunan ağır gələcəyə aparır. Alimlər xəbərdarlıq edirlər ki, bu proseslərdən xilas olan insanlar da yoxsulluq və iqtisadi çətinliklərlə üz-üzə qalacaqlar.
Milli.Az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Kembric Universitetinin mütəxəssisləri bildiriblər ki, əsrin sonuna qədər orta statistik insan 24 faiz daha az gəlirə sahib olacaq. Hesablamalara əsasən, hətta Böyük Britaniyada belə həyat şəraiti hazırda inkişaf etməkdə olan ölkələrin reallığını xatırlada bilər.
Tədqiqat müəllifləri vurğulayırlar ki, iqlim dəyişikliyi yalnız kənd təsərrüfatına deyil, nəqliyyat, sənaye və ticarət sahələrinə də ciddi təsir göstərəcək. Əgər illik temperatur artımı 0,04°C səviyyəsində qalarsa, yüzilliyin sonuna qədər dünya üzrə adambaşına ÜDM 10-11 faiz azalacaq. Ən pis ssenaridə isə itkilər 20-24 faizə çata bilər.
Alimlər fosil yanacaqlardan imtinanın sürətləndirilməsini və uyğunlaşma tədbirlərinin görülməsini vacib sayırlar. Onların sözlərinə görə, Paris Sazişində nəzərdə tutulan hədəflərə əməl olunsa və temperatur artımı ildə 0,01°C-ə qədər məhdudlaşdırılsa, qlobal gəlirlər 0,25 faiz arta bilər.
Mütəxəssislər xəbərdarlıq edirlər ki, dünyada iqlim dəyişikliyinin fəsadlarından tam qorunan ölkə yoxdur: "Əgər emissiyalar azaldılmasa, heç kim təhlükəsiz deyil".
London Gigiyena və Tropik Tibb Məktəbinin proqnozuna görə isə XXI əsrin sonuna qədər Avropada 2,3 milyon insan ekstremal istilərin qurbanı ola bilər.
Hüseyn
Milli.Az