ABŞ Prezidenti Donald Tramp ilə İsrail Baş naziri Benyamin Netanyahu arasında Ağ Evdə keçirilən Qəzza mövzusundakı görüşdən sonra Trampın təqdim etdiyi "Qəzza Planı" barədə geniş məlumat ictimaiyyətə açıqlanıb.
Plana əsasən, İsrail Qəzzanı nə işğal edəcək, nə də ilhaq edəcək, bölgə silahlardan təmizlənəcək və əsirlər azad ediləcək. Həm İsrail, həm də HƏMAS təklifi qəbul edərsə, müharibə dərhal dayandırılacaq. Qəzzada keçid dövrünə şəxsən Donald Tramp rəhbərlik edəcək.
Bundan əlavə, İsrail ordusunun Qəzzadan mərhələli şəkildə geri çəkilməsini əks etdirən xəritə də paylaşılıb.
Mavi xətt: İsrail ordusunun hazırkı nəzarət xətti
Sarı xətt: 1-ci mərhələdə geri çəkilmə xətti
Qırmızı xətt: 2-ci mərhələdə geri çəkilmə xətti
Zolaqlı sahə: 3-cü mərhələdə geri çəkiləcək təhlükəsizlik zonası
Trampın Qəzza Planının əsas maddələri
Qəzza qonşularına təhlükə yaratmayan, radikalizmdən və terrorçuluqdan təmizlənmiş bölgəyə çevriləcək.
Bölgə yerli əhalinin rifahı üçün yenidən qurulacaq.
Tərəflər razılaşmanı qəbul edərsə, döyüşlər dərhal dayandırılacaq və İsrail mərhələli şəkildə Qəzzadan çıxacaq.
İsrail razılaşmanı təsdiqlədikdən sonra 48 saat ərzində sağ əsirlər və cəsədlər qaytarılacaq.
Əsir dəyişməsindən sonra İsrail yüzlərlə fələstinli məhbusu və minlərlə Qəzza sakininə aid cəsədləri azad edəcək.
Əsir qaytarıldıqdan sonra, sülhə razı olan HƏMAS üzvlərinə əfv veriləcək və istəsələr, üçüncü ölkələrə təhlükəsiz keçid təmin olunacaq.
Qəzzaya gündə 600 humanitar yük maşını daxil olacaq, infrastrukturun bərpası və dağıntıların təmizlənməsi üçün yardım artırılacaq.
Yardımlar BMT və Qızıl Aypara vasitəsilə, İsrail və HƏMAS-ın müdaxiləsi olmadan paylanacaq.
Qəzzanı idarə etmək üçün fələstinli texnokratlardan ibarət müvəqqəti hökumət qurulacaq, bu hökumət beynəlxalq struktur tərəfindən nəzarətdə olacaq.
Yenidənqurma üçün müasir şəhər planlaması və iqtisadi inkişaf proqramları hazırlanacaq.
Qəzzada iqtisadi zona yaradılacaq, gömrük rüsumları azaldılacaq.
Qəzzalılar zorla çıxarılmayacaq, bölgədə qalmaq və yeni həyat qurmaq təşviq ediləcək.
HƏMAS idarəçilikdə iştirak etməyəcək, bütün hərbi tunellər və infrastrukturlar məhv ediləcək.
Regional tərəfdaşlar təhlükəsizlik zəmanəti verəcək.
Qəzzada təhlükəsizliyi təmin etmək üçün müvəqqəti beynəlxalq sabitlik qüvvəsi yerləşdiriləcək və yerli polis gücləri yetişdiriləcək.
İsrail Qəzzanı ilhaq etməyəcək və nəzarəti tədricən beynəlxalq qüvvələrə ötürəcək.
HƏMAS razılaşmanı qəbul etməsə, plan yalnız silahsızlaşdırılmış zonalarda tətbiq ediləcək.
İsrail gələcəkdə Qətərə hücum etməyəcəyinə razılaşıb; Qətərin vasitəçilik rolu tanınır.
Radikalizmdən uzaqlaşdırmaq üçün dini dialoq və maarifləndirmə proqramları həyata keçiriləcək.
Qəzzanın yenidən qurulması və Fələstin rəhbərliyinin islahatları nəticəsində gələcəkdə Fələstin Dövlətinin qurulması üçün şərait yarana bilər.
ABŞ, İsrail və fələstinlilər arasında sülh və birgəyaşayış üçün siyasi dialoq prosesinə start verəcək.
Bu plan, Yaxın Şərqdə uzun illərdir davam edən münaqişəyə sülh yolu ilə son qoymaq üçün Tramp administrasiyasının indiyədək təqdim etdiyi ən genişmiqyaslı təklif kimi qiymətləndirilir. Planın uğuru isə həm İsrailin, həm də HƏMAS-ın atacağı addımlardan asılı olacaq.
Lalə Qüdrətova
Milli.Az