Qadınlar bu məsələdə özlərinə söz keçirə bilmirlər - Alimlər təsdiqlədi

29 Sentyabr 2025 23:05

Qadınlarda zərərli qidalardan asılılıq kişilərə nisbətən daha çox yayılıb.

ABŞ-nin Miçiqan Universitetinin alimləri müəyyən ediblər ki, qadınlar kişilərdən daha çox ultraişlənmiş qidalardan (  tərkibində çoxlu şəkər, duz, yağ və süni qatqılar olan, fabrikdə hazırlanmış hazır yemək və içkilər ) asılı vəziyyətə düşür.

Araşdırmanın nəticələri "Addiction" jurnalında dərc olunub.

Tədqiqata görə, 50-64 yaş arası qadınların 21 faizi, kişilərin isə 10 faizi bu asılılığa uyğundur. 65 yaşdan yuxarı yaş qrupunda isə göstəricilər xeyli aşağıdır, yəni, qadınlarda 12 faiz, kişilərdə 4 faiz.

Elm adamlarının qənaətinə görə ən təhlükəli məhsullar şirniyyat, fastfud, qazlı içkilər və hazır yeməklərdir. Onların tərkibindəki əlavə yağ, şəkər, duz və dadvericilər asılılıq yaradan davranışları gücləndirir.

Mütəxəssislər xüsusi metodika əsasında apardıqları qiymətləndirmədə qadınların daha çox təsirlənməsini 1980-ci illərdə geniş yayılmış aqressiv reklam kampaniyaları ilə əlaqələndiriblər. Həmin vaxt azyağlı peçenye və "pəhriz" yeməkləri sağlam qida kimi təqdim edilsə də, əslində zərərli qida vərdişlərinin formalaşmasına səbəb olub.

İsmayıl
Milli.Az