ABŞ-də 24 yaşlı Venesuela vətəndaşı özünü yeniyetmə kimi təqdim edərək illərlə məktəbə gedib.
Milli.Az xəbər verir ki, hadisə barədə ABC 13 News məlumat yayıb.
Məlumata görə, o, 2019-cu ilin sentyabrında turist vizası ilə Mayami hava limanına gəlib və noyabrda ölkəni tərk etməli idi. Lakin saxta sənədlər əldə edərək özünü guya insan alverindən qaçmış 16 yaşlı yeniyetmə kimi qələmə verib. Rəsmi qurumlar onun üçün qəyyum təyin edib, o isə məktəbə davamlı olaraq gedib.
Bu il isə vəziyyət dəyişib. Onun qəyyumları ilə əlaqə saxlayan əsl anası oğlunun şəxsiyyətini açıqlayıb. Ev axtarışı zamanı həmin şəxsin 1999-cu ildə doğulduğunu göstərən sürücülük vəsiqəsi və 9 mm-lik silah üçün üç dolu daraq tapılıb.
Miqrant saxta sənədlərdən istifadə və qanunsuz silah saxlama ittihamları ilə məhkəmə qarşısına çıxarılıb. O, özünü təqsirli bilib.
Hökm gələn ilin yanvarında elan ediləcək.
İsmayıl
Milli.Az