İkinci Qarabağ müharibəsi və qısa müddətli lokal antiterror əməliyyatının nəticəsində beynəlxalq hüququ və beynəlxlaq ədaləti döyüş meydanında təmin edən dövlətimiz, ərazi bütövlüyünü və suverenliyini tam bərpa etdi. Baxmayaraq ki, Azərbaycan tarixə qovuşan münaqişənin qalib tərəfi idi, məhz ölkəmiz post-münaqişə dövründə sülh gündəliyini əsas prioritet kimi bəyan etdi. Prezident İlham Əliyev 25 sentyabr 2025-ci ildə BMT Baş Assambleyasının 80-ci sessiyasındakı çıxışında qeyd etdiyi kimi, Vətən müharibəsi ilə işğala son qoyulduqdan sonra Azərbaycan sülhün siyasi vasitələrlə təmin edilməsinə çalışmışdır.
Dövlətimiz Zəfər müharibəsi başa çatdıqdan dərhal sonra ərazi bütövlüyü və suverenliyin qarşılıqlı şəkildə tanınması və beynəlxalq hüququn beş fundamental prinsipinə əsaslanan sülh müqaviləsinin bağlanması təklifini irəli sürmüşdür və bəyan etmişdir ki, həmin prinsirlərə uyğun olaraq Ermənistanla münasibətlərdə yeni səhifə açmağa hazırdır. Məhz Azərbaycanın ardıcıl səyləri nəticəsində cari ilin avqust ayının 8-də Azərbaycan Respublikasının Prezidenti və Ermənistan Respublikası Baş nazirinin Vaşinqtonda keçirilmiş görüşünün nəticələrinə dair Birgə Bəyanat imzalandı, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında Saziş"in razılaşdırılmış mətni xarici işlər nazirləri tərəfindənparaflandı. Ən mühüm nailiyyətlər sırasında həmçinin ATƏT-in Minsk Qrupunun və onunla bağlı strukturların 1 sentyabr tarixindən bağlanması xüsusi qeyd olunmalıdır.
Birmənalı olaraq vurğulamaq laımdır ki, Azərbaycanın əldə etdiyi Qələbə və dövlətimizin uğurları, eyni zamanda qlobal müstəvidə beynəlxalq hüququn aliliyi, fundamental ümumbəşəri prinsiplərin mütləq üstünlüyünün əyani təsdiqidir.
Nizami Səfərov, Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü