Satıcıların diqqətinə: Aldana bilərsiniz

29 Sentyabr 2025 17:00

Son vaxtlar dələduzlar daha çox satıcıları aldatmaq məqsədilə müxtəlif üsullara əl atırlar. Onlar saxta ödəniş qəbzləri təqdim edərək guya artıq pul ödədiklərini göstərir və qalan məbləğin geri qaytarılmasını tələb edirlər.

Milli.Az xəbər verir ki, mövzu ilə bağlı danışan İKT üzrə mütəxəssis Bəhruz Əliyev bildirib ki, belə halların sayı getdikcə artır. O vurğulayıb ki, bu cür hadisələr maliyyə dələduzluğu kateqoriyasına daxildir və qanun qarşısında ciddi məsuliyyət yaradır:

"Satıcılar hər hansı ödəniş sənədini qəbul etməzdən əvvəl banklardan və maliyyə təşkilatlarından doğrulama aparmalıdırlar. Saxta sənədlərə, rəqəmlərdəki uyğunsuzluqlara aldanmamaq vacibdir. Qəbzlər diqqətlə yoxlanmalı, sosial şəbəkələr və mesajlar vasitəsilə gələn ödəniş məlumatlarına ehtiyatla yanaşılmalıdır. Şübhəli linklərə daxil olmamaq, şəxsi məlumatları yalnız rəsmi və etibarlı kanallar üzərindən paylaşmaq önəmlidir. Sosial mühəndislik fırıldaqlarına qarşı da diqqətli olmaq lazımdır". 

Bu tip dələduzluqlarla qarşılaşanlar Daxili İşlər Nazirliyinin "102" xidməti ilə əlaqə saxlaya və ya qurumun rəsmi sosial media səhifələrinə müraciət edə bilərlər. 

Asya
Milli.Az