"iPhone 17" yığanlar qul kimi işlədilir

29 Sentyabr 2025 10:08

Çinin Çjençjou şəhərində yerləşən və "iPhone 17" smartfonlarının istehsal olunduğu "Foxconn" zavodunda işçilərin ağır əmək şəraitində çalışdığı iddia olunur.

Milli.Az xəbər verir ki, bu barədə "China Labour Watch" qeyri-kommersiya təşkilatının "Financial Times" nəşrində yayımlanan hesabatında məlumat verilib.

Məlumata görə, zavod işçiləri cüzi maaş qazanmaq üçün normadan artıq saatlarla işləməyə məcbur qalır və çox zaman istirahət günlərindən məhrum edilirlər. Məzuniyyətlərin olmaması isə onların işini qul əməyinə bənzədir.

Hesabatda qeyd olunur ki, fabrikdə işçilərin yarıdan çoxu - təxminən 200 min nəfər "mövsümi işçi" kimi işə götürülüb. Bu göstərici Çin qanunvericiliyində müəyyən olunmuş 10%-lik limiti dəfələrlə üstələyir.

Zavod əməkdaşlarının həftəlik iş yükü orta hesabla 60 saata çatır. Bəzi işçilər isə əlavə gəlir əldə etmək üçün istirahət günlərindən də imtina edir və nəticədə onların həftəlik iş vaxtı 75 saata qədər yüksəlir.

Maaş məsələsində də problemlər müşahidə olunur. Əməkhaqlarının əsas hissəsi ayda cəmi 2100-2400 yuan (təxminən 570 manat) təşkil edir. Üstəlik, maaşların gecikməsi də artıq adi hal alıb.

Hüseyn
Milli.Az