30 oktyabr - 2 noyabr tarixlərində Bakı dünya rəqs mədəniyyətinin mərkəzinə çevriləcək - Azərbaycan paytaxtında Azerbaijan Dance Festival 2025 keçiriləcək. Festival Azərbaycan Rəqs İttifaqı (AzDC, prezident - Bakı Xoreoqrafiya Akademiyasının prorektoru, Xalq artisti Təranə Muradova) və Beynəlxalq Rəqs Şirkəti SRDS (Smooth & Rhythm Dance Style, prezident - Olqa Krasnyanskaya) tərəfindən təşkil olunur. Rəqs bayramının axşam tədbirləri JW Marriott Absheron Baku otelində baş tutacaq.
AzDC-nin həmtəsisçisi, argentinalı tanqo komitəsinin sədri, beynəlxalq yarışların laureatı İlham Osmanov müsahibəsində Azerbaijan Dance Festival 2025-in keçirilməsinin əhəmiyyətini vurğulayıb. İlham Osmanov eyni zamanda müxtəlif tədbirlərin tanqo-dj-i, pedaqoq, tanqero, "IN- Tango" məktəbinin rəhbəri və direktorudur.
"Azərbaycan getdikcə daha çox və daha parlaq şəkildə beynəlxalq arenada öz sözünü deyir - istər incəsənət, istər idman, istərsə də mədəni layihələr sahəsində. Və hər dəfə biz ölkəmizi böyük qürurla təmsil edir, uğurlar qazanır və onun nüfuzunu möhkəmləndiririk.
Azərbaycan Rəqs Festivalı - bu, ənənə və yeniliklərin, incəsənət və ilhamın qovuşduğu beynəlxalq miqyaslı hadisədir. Amma festivalı bu qədər əhəmiyyətli edən əsas cəhət onun beynəlxalq missiyasıdır. Festival mədəniyyətlərarası mübadilə meydanına, xalqları birləşdirən körpüyə çevrilir, burada rəqs dostluğun ümumdünya dili olur. Burada yeni enerji doğulur, istedadlar üzə çıxır, insanlar və ölkələr arasında münasibətlər möhkəmlənir. Məhz belə layihələr mədəni mənzərəmizi zənginləşdirir, istedadlar üçün yeni üfüqlər açır və dünyaya Azərbaycanın tarixlə müasirliyin harmoniyada səsləşdiyi bir ölkə olduğunu daha yaxından tanımaq imkanı verir", - deyə İlham Osmanov bildirib.
Onun sözlərinə görə, builki proqramda xüsusi yer argentinalı tanqonun Pro-Am (Professional-Amateur / Peşəkar - Həvəskar) formatında keçiriləcək yarışına ayrılıb. Bu unikal formatda peşəkar öz sənətini həvəskarla bölüşür, onu böyük səhnənin sehrinə yaxınlaşdırır və yüksək səviyyəli rəqs sənətinin dadını hiss etdirir.
"Argentinalı tanqo - sadəcə rəqs deyil. Bu, emosiyaların dili, ehtiras və zəriflik hekayəsi, qəlblərin dialoqu, hərəkətlə danışılan bir nağıldır. Buna görə də belə bir yarışda iştirak həmişə canlı, səmimi və ilhamverici bir təcrübədir.
Əminəm ki, Azerbaijan Dance Festival yeni ideyaların, ən parlaq təəssüratların və dostluq görüşlərinin mənbəyinə çevriləcək. Qoy bu festival Azərbaycanın imicini gələcəyin ənənələrinin formalaşdığı, ilham və incəsənətin əl-ələ verdiyi bir ölkə kimi daha da möhkəmləndirsin. Əminliklə deyə bilərik ki, belə layihələr Azərbaycanı ənənə ilə müasirliyin qovuşduğu mədəniyyət mərkəzlərindən birinə çevirir. Festivalımız sübut edir ki, incəsənət dili, yaşı və milliyyətindən asılı olmayaraq insanları birləşdirməyə qadirdir", - deyə İlham Osmanov əlavə edib.
Festival məşhur xoreoqraf və rəqs ifaçısı Təranə Muradovanın yubileyinin rəsmi qeyd olunması çərçivəsində keçiriləcək. Ona həsr olunmuş Night of the Dancing Diamonds adlı qala-gecə təşkil olunacaq. Gecədə milli rəqs elementləri ilə zənginləşdirilmiş müasir salon xoreoqrafiyası təqdim olunacaq. Bu tamaşa mədəniyyətlərin və üslubların sintezinin sehrini açacaq, səhnədə Təranə Muradova ilə yanaşı, dünya və Avropa çempionu, məşhur rəqqas və xoreoqraf Deniss Taqintsev çıxış edəcək.
AZDF 2025 - sadəcə festival deyil. Bu, ilham, dialoq və birliyin məkanıdır, burada rəqs xalqlar arasında körpüyə çevrilir. Qafqazın qəlbində ilin ən böyük rəqs hadisəsini qaçırmayın!
İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az