Gənc milyarderdən gənclərə tək cümləlik məsləhət: “Bütün vaxtınızı buna sərf edin”

27 Sentyabr 2025 21:48

Gənc nəsil böyük bir texnoloji dönüş nöqtəsinin astanasındadır.

28 yaşlı süni intellekt (AI) şirkəti Scale AI-nin həmtəsisçisi və milyarder Aleksandr Vanq hesab edir ki, süni intellekt alətlərinə hakim olmaq bu nəslin "Bill Qeyts anı" ola bilər - yəni gələcəyi dəyişdirəcək bir fürsətdir.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, Vanq gəncləri süni intellekt alətlərini dərindən öyrənməyə çağırır və bu prosesi "vibe coding" adlandırır. O, TBPN podkastında bildirib:

"Hazırda inanılmaz bir dəyişiklik dövründəyik. Əgər sən sadəcə minlərlə saatını bu alətlərlə oynamağa, onları digərlərindən daha yaxşı istifadə etməyi öyrənməyə sərf etsən, böyük üstünlük qazana bilərsən."

Vanq bu vəziyyəti Bill Qeytsin gəncliyindəki vəziyyətə bənzədir. O zaman Qeyts gecələr gizlicə proqramlaşdırma öyrənərək gələcəkdə Microsoft imperiyasını qurdu. Vanq hesab edir ki, bu gün yeniyetmələr eyni fürsəti süni intellekt sahəsində əldə edə bilərlər.

"Əgər 13 yaşın varsa, vaxtının hamısını vibe coding-ə sərf et. Həyatını buna həsr et," - deyə o, bildirib.

Vanq xəbərdarlıq edir ki, yaxın 5 il ərzində süni intellekt onun yazdığı proqramların demək olar hamısını avtomatik yarada biləcək. Bu da bəzi gənclərdə "programçılıq peşəsi yox olacaqmı?" sualını doğurur.

Amma sənaye mütəxəssisləri bu fikirlə razı deyil. Andrew Ng (Google Brain-in həmtəsisçisi) 2025-ci ilin martında yazdığı paylaşımda bildirib ki, "insanlara kodlaşdırmanı öyrənməməyi tövsiyə etmək indiyə qədər verilmiş ən pis karyera məsləhətlərindən biridir."

Onun sözlərinə görə, AI kodlaşdırmanı sadələşdirsə də, proqramlaşdırma bilikləri süni intellekti dəqiq idarə etmək üçün çox vacibdir. Kodlaşdırma bilən insanlar daha keyfiyyətli nəticələr əldə edir, çünki alətləri "təxminlə" yox, məqsədyönlü şəkildə yönləndirə bilirlər.

Forbes-ə görə 3,2 milyard dollar sərvəti olan və Meta şirkətində baş süni intellekt rəhbəri təyin edilən Vanq deyir ki, AI kodlaşdırmasına nə qədər erkən başlasan, gələcəkdə bir o qədər çox üstünlük qazanarsan - istər yenilikçilikdə, istər problem həllində, istərsə də liderlikdə.

Lalə Qüdrətova
Milli.Az