Gözləri tez-tez ovmaq sadə vərdiş kimi görünsə də, ciddi fəsadlara yol aça bilər.
Milli.Az xəbər verir ki, bunu rusiyalı oftalmoloq Ksenia Qorbaçeva bildirib.
Gözləri ovmaq əvəzinə süni göz yaşı damcıları, fizioloji məhlul ilə yuma, allergiya zamanı isə sərin kompreslər tətbiq etmək daha təhlükəsizdir.
"Bu vərdiş buynuz qişanın (korneanın) səthində zədələr, iltihab və görmənin pisləşməsi ilə nəticələnə bilər.
Mütəxəssisin sözlərinə görə, mütəmadi mexaniki təsir nöqtəvi keratopatiya (epitelin zədələnməsi) və eroziyalar yarada, nəticədə bulanıq görmə, narahatlıq, qızartı və "gözə qum dolmuş" kimi hisslər əmələ gətirə bilər. Bu cür dəyişikliklər müalicə və müşahidə tələb edir.
"Əllərdə çoxlu mikroorqanizm olur. Ona görə də əllərin gözlə tez-tez təması infeksion xəstəliklərə, məsələn, konyunktivit və blefaritə səbəb ola bilər. Xüsusilə kontakt linza istifadəçiləri diqqətli olmalıdırlar, çünki infeksiya linzanın altına düşərək keratitə yol aça bilər.
Allergiyası olanlarda qaşınma səbəbindən gözləri ovmaq daha çox müşahidə olunur. Lakin bu zaman histamin ifrazı artır, qaşınma güclənir və "zədələyici dairə" yaranır. Bundan əlavə, gözləri ovmaq göz yaşı mayesində iltihabi göstəriciləri yüksəldir ki, bu da vəziyyəti daha da ağırlaşdırır.
Daimi və güclü ovma buynuz qişanın nazilməsinə, nəticədə keratokonus (korneanın konusvari formasını alması) xəstəliyinə gətirib çıxara bilər. Bu, xüsusilə lazer korreksiyası və ya digər əməliyyatlar keçirmiş insanlarda risklidir. Keratokonus görmənin korreksiya olunmasını çətinləşdirir və həmişə eynək və ya linza ilə düzəlmir".
Qorbaçeva əlavə edib ki, uzunmüddətli və güclü göz ovma vərdişi həmçinin göz daxili təzyiqi artıraraq qlaukomanın inkişafına və ya mövcud xəstəliyin sürətlənməsinə səbəb ola bilər.
Gözlərdə qum və ya yad cisim hissi, sulanma, işıqdan qorxma, kəskin ağrı və görmənin pisləşməsi müşahidə olunarsa, mütləq həkimə müraciət etmək lazımdır.
İsmayıl
Milli.Az