Ürək-damar xəstəlikləri dünyada ölüm səbəbləri arasında ilk sırada dayanır. Statistikalara görə, infarkt qadınlara nisbətən kişilərdə daha çox rast gəlinir.
Milli.Az xəbər verir ki, mütəxəssislər bu fərqin həm bioloji, həm də həyat tərzi ilə bağlı səbəbləri olduğunu bildirirlər.
Qadınlarda estrogen hormonu müəyyən yaşa qədər ürək-damar sistemini qoruyur. Bu hormon damarların elastikliyini artırır və infarkt riskini azaldır. Kişilərdə isə belə qoruyucu təsir yoxdur.
Kişilər stresə daha çox məruz qalır və emosiyalarını gizlətməyə meyllidirlər. Bu isə qan təzyiqinin yüksəlməsinə, ürəyə əlavə yük düşməsinə gətirib çıxarır.
Araşdırmalar göstərir ki, kişilər qadınlara nisbətən daha çox siqaret çəkir və alkoqoldan istifadə edirlər. Bu da damarların daralmasına və ürək xəstəliklərinin inkişafına səbəb olur.
Yağlı qidaların tez-tez qəbulu, hərəkətsiz həyat tərzi və artıq çəki kişilərdə infarkt riskini artıran əsas amillərdəndir.
Mütəxəssislər kişilərə ürək sağlamlıqlarını qorumaq üçün siqaretdən uzaq durmağı, balanslı qidalanmağı, mütəmadi idman etməyi və stresdən uzaq qalmağı tövsiyə edirlər.
Milli.Az