Azərbaycanın yeni iqtisadi diplomatiyası və regional inkişaf

26 Sentyabr 2025 22:17

Prezident İlham Əliyevin 2025-cü ilin avqustunda Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda keçirdiyi görüşlər və bu ay Nyu-Yorkda BMT Baş Assambleyasının 80-ci sessiyasında iştirakı Azərbaycanın yeni geosiyasi mövqeyinin, suverenliyə əsaslanan diplomatiyasının və iqtisadi fəallığının paralel inkişafını əks etdirir.

Nyu-York səfəri ABŞ rəsmiləri və beynəlxalq enerji sektorunun liderləri ilə keçirilən yüksək səviyyəli müzakirələr, Azərbaycanın Cənubi Qafqazda artan təsirini, Qlobal Cənub-Şimal və Şərq-Qərb nəqliyyat dəhlizlərindəki mühüm rolunu qabartdı. Bu səfər Azərbaycanın geosiyasi aktor kimi çıxış etdiyini və beynəlxalq gündəmi müəyyənləşdirə biləcək siyasi iradəyə malik olduğunu sübut etdi.

Nyu-York səfəri isə bu strategiyanın davamı və konkret nəticələrə yönəlmiş mərhələsidir. Burada Prezident İlham Əliyev yalnız siyasi tribuna olan BMT Baş Assambleyasında çıxış etmədi, həm də nüfuzlu biznes dairələrinin təmsilçiləri ilə görüşlər keçirərək Azərbaycanın iqtisadi diplomatiyasını ön plana çəkdi. Bu görüşlər, Azərbaycanın sərmayə cəlbediciliyini nümayiş etdirməklə yanaşı, ölkənin yeni iqtisadi modelə keçid etdiyini göstərdi. İqtisadi diplomatiya Azərbaycanın xarici siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilib. Prezidentin Nyu-Yorkda dünyanın aparıcı şirkətlərinin rəhbərləri ilə keçirdiyi görüşlər - xüsusilə enerji, texnologiya və maliyyə sektorları üzrə - Azərbaycanın investorlar üçün açıq və etibarlı tərəfdaş olduğunu bir daha nümayiş etdirdi.

Azərbaycan post-münaqişə dövründə yalnız regional lider kimi çıxış etmir, həm də qlobal iqtisadi oyunçuya çevrilmək istiqamətində addımlar atır. Bu keçid prosesində Prezident İlham Əliyevin beynəlxalq platformalarda (Vaşinqton, Nyu-York, Davos, COP tədbirləri və s.) səsləndirdiyi fikirlər dövlətin strateji iqtisadi vizyonunun və bu vizyonun həyata keçirilməsində diplomatiyanın rolunu açıq şəkildə ifadə edir.

Yeni iqtisadi diplomatiya yalnız iqtisadi inkişaf vasitəsi deyil, həm də müstəqil xarici siyasətin təminat aləti, suverenliyin möhkəmləndirilməsi vasitəsi, və Azərbaycanın dünyada iqtisadi güc kimi tanınması üçün strateji bir yol xəritəsidir.

Prezident İlham Əliyevin dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri ilə görüşləri Azərbaycanın beynəlxalq maliyyə məkanında artan nüfuzunun bariz göstəricisidir. "Blackstone", "Brookfield Asset Management" və "Neuberger Berman" kimi trilyonlarla dollarlıq aktivləri idarə edən nəhəng investisiya şirkətlərinin rəhbərləri ilə aparılan müzakirələr ölkəmizin yalnız enerji sektorunda deyil, həm də logistika, rəqəmsal infrastruktur, yaşıl enerji və təhsil kimi sahələrdə geniş potensiala malik olduğunu təsdiqləyir.

Bu görüşlərin ən mühüm tərəfi odur ki, qlobal maliyyə nəhəngləri Azərbaycanın iqtisadi mühitinə, islahatlara və regiondakı strateji roluna xüsusi diqqət göstərir. Bu da Azərbaycanın beynəlxalq investorlar üçün etibarlı və perspektivli tərəfdaş kimi qəbul edildiyinin göstəricisidir. Məsələn, "Blackstone"un daşınmaz əmlak, logistika və rəqəmsal infrastruktur sahəsindəki nəhəng portfeli, "Brookfield"in bərpa olunan enerji və infrastruktur sahəsindəki gücü, eləcə də "Neuberger Berman"ın sənaye, təhsil və texnologiya sektorlarındakı strateji investisiyaları Azərbaycanın yeni iqtisadi modelinin qlobal bazarlarda rəğbətlə qarşılandığını göstərir.

Xüsusilə Dövlət Neft Fondunun (ARDNF) bu şirkətlərlə uzunmüddətli strateji tərəfdaşlığı Azərbaycanın yalnız investisiya gəlirləri əldə etməklə kifayətlənmədiyini, həm də gələcəyin sektorlarında - rəqəmsal texnologiyalar, yaşıl enerji, təhsil və səhiyyə kimi - ölkənin inkişafını təmin etmək üçün beynəlxalq təcrübə və resurslardan faydalandığını sübut edir. Bu amillər Azərbaycanın qlobal iqtisadi arena və investisiya şəbəkələrində mövqeyini gücləndirir, ölkəmizin regional və beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırır. Eyni zamanda, belə əməkdaşlıqlar Azərbaycanın yeni iqtisadi diplomatiya strategiyasının uğurlu nəticələri kimi qiymətləndirilə bilər və gələcəkdə ölkənin davamlı və dayanıqlı inkişafına təkan verəcək.

TREND