Gəncədə Mehriban Alışovanın “Rənglərin Melodiyası” adlı fərdi sərgisi keçirildi - FOTO

26 Sentyabr 2025 16:43

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında istedadlı rəssam Mehriban Alışovanın "Rənglərin Melodiyası" adlı fərdi sərgisi keçirildi.

Tədbirin başlanğıcında söz sərginin müəllifi, rəssam Mehriban Alışovaya verildi. O, çıxışında yaradıcı fəaliyyətində ona dəstək göstərən hər kəsə təşəkkürünü bildirdi və tamaşaçıların sərgidən alacağı təəssüratların onun üçün ən böyük dəyər olduğunu vurğuladı.

"Rənglərin Melodiyası" sərgisi tamaşaçılara sadəcə rəsm əsərləri deyil, rənglərin dili ilə səslənən duyğuların musiqisini təqdim edir. Mehriban xanımın əsərlərində təbiətin gözəlliyi, həyatın rəngarəngliyi və insan qəlbinin dərinliklərindən süzülən ilham özünəməxsus bir ahənglə əks olunub. Onun fırçasından doğan hər bir tablo sanki bir melodiyaya çevrilərək izləyiciləri düşünməyə, hiss etməyə və öz daxilində yeni bir dünyanı kəşf etməyə dəvət edir.

Çıxışlarda qeyd olundu ki, bu sərgi Azərbaycan təsviri sənətinin zəngin ənənələrinin davamı olmaqla yanaşı, yeni bədii baxışların da parlaq nümunəsidir.

Milli.Az