Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində saziş imzalandı

26 Sentyabr 2025 15:45

ABŞ prezidenti Donald Tramp altı ildən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı Ağ Evdə qəbul edib.

Milli.Az xarici mediaya istinadla xəbər verir ki, oval ofisdə baş tutan görüşdə tərəflər Türkiyənin F-35 proqramına qayıdışı, S-400 raket sisteminə görə tətbiq edilən sanksiyalar, Boeing müqaviləsi, Suriya və Rusiya məsələlərini müzakirə ediblər.

Tramp görüşdən sonra qısa açıqlama verərək "Gözəl görüş oldu" deyib, amma əlavə təfərrüat paylaşmayıb.

Prezident Ərdoğanı müşayiət edən energetika naziri Alparslan Bayraktar səfər zamanı ABŞ ilə nüvə enerjisi sahəsində müqavilə imzalandığını açıqlayıb. Nazir sosial şəbəkədə yazıb:

"Türkiyə ilə ABŞ arasında nüvə enerjisi sahəsində köklü və çoxölçülü tərəfdaşlığı daha da dərinləşdirəcək yeni bir proses başlatdıq".

ABŞ-ın Ankaradakı səfiri Tom Barak isə iki ölkə arasında Boeing müqaviləsinin tamamlandığını bildirərək, bunu "müdafiə və ticarət əlaqələrini gücləndirəcək mühüm addım" adlandırıb.

Tramp da sosial mediada paylaşımında "böyük miqyaslı Boeing təyyarə satışının" müzakirə ediləcəyini öncədən elan etmişdi.

Milli.Az