Baku TV-nin "Retro Baku" verilişinin yeni buraxılışı aktyor Ramiz Hüseynzadəyə həsr olunub.
Verilişdə aktyorun dostları onunla bağlı xatirələrini bölüşüblər.
"Ramiz həmişə pozitiv idi. Heç vaxt probleminin olduğunu hiss etdirməzdi. Onun kimi insanlara həmişə qibtə etmişəm. Ölümündən 7-8 gün əvvəl mənə zəng edib yeni kafesinin açılışına dəvət etdi. Ona "gəlməyəcəyəm" dedim. Amma zəngdən sonra ortaq dostlarımıza yığaraq açılışa getməli olduğumuzu söylədim. Həmin gün mən açılışa getdim, amma digərləri gəlmədilər", - aktyor Fərda Xudaverdiyev söyləyib.
Sənətçi əlavə edib ki, Ramiz Hüseynzadənin cənazəsində diqqət çəkməyə çalışan insanlardan heç biri ona özü qədər yaxın olmayıb: "Kaş indi Ramizi danışdıra bilsəydik. Bu mümkün olsaydı, yanında, həqiqətən, kimin olub-olmadığını deyərdi".
Rejissor İlham Yaşaroğlu isə Ramiz Hüseynzadə ilə bağlı peşmanlığından danışıb:
"Onun ölümünə inana bilməmişdim. Bu xəbəri mənə aktyor Məcid Hüseynov verdi. Əvvəlcə bunun bir zarafat olduğunu düşündüm. Həqiqət olduğunu öyrənəndə isə Ramizin kafesinin açılışına getmədiyim üçün peşmanlıq hissi keçirdim".
Milli.Az