ABŞ-nin nəhəng bankı JPMorgan, 2026-cı ilin ortaları üçün qızıl qiymətləri ilə bağlı iddialı açıqlama yayıb. Banka görə, qızılın unsiyası 4 min 50 - 4 min 150 dollar aralığında tarixi rekorda çatacaq.
JPMorgan bildirib ki, ABŞ iqtisadiyyatında zəifləmə baş verərsə, Federal Ehtiyat Sistemi (Fed) faizləri endirməyə məcbur olacaq. Bu isə qızıl qiymətlərini daha da yüksəldəcək. Fed sədri Cerom Pauell faiz azaldılması ilə bağlı dəqiq açıqlama verməsə də, bank iqtisadi şərtlər pisləşərsə bu addımın qaçılmaz olacağını vurğulayıb.
Hesabatda qeyd olunub ki, faiz endirimləri qızılı yeni zirvələrə aparacaq və sərmayəçilər üçün cəlbedici imkanlar yaradacaq.
2025-ci ildə qızıl qiymətləri 43% bahalaşıb. 23 sentyabrda qızılın unsiyası 3 min 791 dollara qalxaraq bütün zamanların ən yüksək göstəricisini yeniləyib. Hazırda isə beynəlxalq bazarda qızılın unsiyası 3 min 755 dollardan satılır.
Lalə Qüdrətova
Milli.Az