Bakı Metropolitenində yaşıl və qırmızı xətlərin ayrılması təmin ediləndən sonra qatarlar arasındakı interval minumuma endiriləcək.
Milli.Az xəbər verir ki, bunu Trend-ə açıqlamasında qurumun Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.
Onun sözlərinə görə, bunun üçün lazım olan infrastruktur layihələri həyata keçirilməlidir:
"Bunun üçün qatarların dönüb geri qayıtması üçün kameraların inşasına ehtiyac var. Qırmızı xətt üzrə "İçərişəhər" stansiyasının arxasında, yaşıl xətt üzrə hərəkət edən qatarların dönməsi üçün isə "Xətai" stansiyasından sonrakı, Bənövşəyi xəttin şərti adı "Y-15" olan stansiyada dönmə kameraları inşa ediləcək"
Qeyd edilib ki, artıq "İçərişəhər" stansiyası ilə bağlı işlərə başlanılıb:
"Bu kameralar inşa ediləndən sonra yaşıl və qırmızı xətt üzrə hərəkət edən qatarların intervalı texniki cəhətdən mümkün ən minimal hədlərə salına bilər. Qatarların dönmə kameraları inşa edilib istifadəyə veriləndən sonra qırmızı xətt üzrə hərəkət edən qatarlar arasında interval iki dəfədən çox azalaraq, 1 dəqiqə 30 saniyəyə endirilə bilər. Qeyd edək ki, hazırda pik saatlarda qeyd edilən istiqamətlərdə interval 3 dəqiqə 30 saniyə təşkil edir",-əlavə olunub.
Milli.Az