Balıq alarkən nələrə diqqət etməliyik? - AÇIQLAMA

25 Sentyabr 2025 17:12

Balıq mətbəximizin əsas və faydalı qidalarından biridir. Lakin balıq alarkən keyfiyyətli və təzə məhsul seçmək vacibdir ki, həm sağlamlığımız qorunsun, həm də yeməyimiz dadlı olsun.

Bəs balıq alarkən hansı nüasnlara diqqət etməliyik?

Milli.Az xəbər verir ki, məsələ ilə bağlı qisa eksperti Ağa Salmanov bildirib ki, balığın gözü parlaq və şəffaf olmalıdır:

"Təzə balığın gözləri açıq, parlaq və şəffaf olur. Əgər gözlər bulanıq və ya çökmüşdürsə, bu, balığın artıq köhnə və keyfiyyətsiz olduğunu göstərir. Təzə balıq dənizdən gələn təmiz və xoş qoxuya malikdir. Əgər balıq xoşagəlməz, kəskin və ya çürümüş qoxu verirsə, onun alınması təhlükəlidir. Balığın dərisi parlaq, sıx və sağlam görünməlidir. Əti isə elastik və sıx olmalıdır; barmağınızla basanda dərhal əvvəlki formasına qayıtmalıdır. Əgər ət yumşaqdırsa və barmaq izləri qalırsa, bu, köhnəlmənin əlamətidir. Təzə balığın qanı tünd qırmızı olur və qanama təzəliyin göstəricisidir. Qan rəngi açıq və ya solğun olarsa, bu, balığın təzə olmadığını xəbər verir. Balıq alan zaman satış yerinin təmiz, soyuducu ilə təmin olunmuş və gigiyenik olmasına diqqət yetirmək lazımdır. Həmin şəraitdə saxlanmayan balıq sağlamlıq üçün təhlükə yarada bilər".

Ekspert qeyd edir ki, balıq alarkən bu sadə, amma önəmli qaydalara əməl etməklə, keyfiyyətli və sağlam məhsul seçmək mümkündür. Unutmayın ki, düzgün seçilmiş balıq həm mətbəxdə, həm də sağlamlıq üçün faydalıdır.

Asya
Milli.Az