Artıq çəkili insanların nəzərinə - Piyin yerinə görə "bəxtiniz gətirə bilər"

25 Sentyabr 2025 22:00

Britaniyalı alimlər piylənmə ilə onkoloji xəstəliklər arasındakı əlaqəyə dair yeni nəticələr açıqlayıblar.

Milli.Az xəbər verir ki, nəticələr "Journal of the National Cancer Institute" (JNCI) jurnalında dərc olunub.

Tədqiqat göstərib ki, xərçəng riskinə yalnız bədən çəkisinin ümumi göstəricisi deyil, həm də piyin orqanizmdə hansı bölgələrdə toplandığı təsir edir.

Mütəxəssislər piy yığılmasının bağırsaq, mədəaltı vəzi, süd vəzisi, endometrium və başqa bu kimi 12 müxtəlif xərçəng növü kimi onkoloji xəstəliklərlə əlaqəsini araşdırıblar.

Alimlərin gəldiyi qənaətə görə, piylənmənin xərçəng riski ilə əlaqəsi fərqli amillərdən asılıdır: bəzi hallarda əsas rol ümumi piy kütləsinə məxsusdur, bəzilərində isə piyin bədəndə yerləşmə zonaları daha təhlükəli olur. Hətta elə xərçəng növləri var ki, risk həm ümumi çəkiyə, həm də piyin konkret bölgələrdə toplanmasına bağlıdır.

Araşdırmanın müəllifi Emma Heyzelvud bildirib ki, bədən kütləsi indeksi (BKİ) əhali səviyyəsində ümumi tendensiyaları izləmək üçün yararlı olsa da, fərdi risklərin qiymətləndirilməsi üçün kifayət qədər dəqiq deyil. Onun sözlərinə görə xərçəngin piylənmə ilə əlaqədar profilaktikası universal sxemə əsaslana bilməz, daha fərdiləşdirilmiş yanaşma tələb olunur.

Alimlər ümid edirlər ki, gələcəkdə piyin hansı "depolarının" konkret xərçəng növlərini artırdığını müəyyənləşdirmək risk qruplarını daha dəqiq aşkar etməyə və həm profilaktika, həm də müalicə metodlarını optimallaşdırmağa kömək edəcək. Bununla yanaşı, bu əlaqələrin arxasında duran bioloji mexanizmlərin, habelə qidalanma, həyat tərzi və yeni dərmanların təsirinin də öyrənilməsi vacib sayılır.

İsmayıl
Milli.Az