21:01
Xəbər verdiyimiz kimi İmişli rayonunda toyda kütləvi zəhərlənmə hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, 15 nəfər zəhərlənmə şübhəsi ilə rayon mərkəzi xəstəxanasına müraciət edib.
İmişlinin Muradxanlı kəndində toy mərasimində zəhərlənmə şübhəsi ilə xəstəxanaya müraciət edənlərin əksəriyyəti evə buraxılıb.
Bunu "Report"un Muğan bürosuna İmişli Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinin müdiri Ələddin Əliyev deyib.
"Şübhə ehtimalını biz kolit və entrokolit əlamətləri ilə əlaqələndiririk. Burda ağır zəhərlənmə - botulizmə şübhə yoxdur. Müayinənin nəticəsini gözləyirik. Yeyilən qidalardan bizim həkim kimi şübhəmiz hazırlanmış salatdan zəhərlənmədir. Əksəriyyətinin vəziyyəti yaxşı olduğu üçün evə buraxılıb", - şöbə müdiri bildirib.
Qeyd edək ki, ötən gün baş tutan kiçik toy mərasimində iştirak etmiş 20 nəfər zəhərlənmə şübhəsi ilə bu gün rayon xəstəxanasına müraciət edib.
--------
18:17
İmişli rayonunda baş vermiş hadisənin səbəblərinin müəyyən edilməsi məqsədilə Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq AQTA-dan məlumat verilib.
Bildirilib ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə rayonun Muradxanlı kəndində təşkil olunan kiçik toy mərasimi zamanı baş verib.
"Agentliyin mütəxəssisləri tərəfindən hadisə yerinə baxış keçirilərək müvafiq müayinələr aparılır. Hazırda faktla bağlı araşdırmalar davam etdirilir. Nəticə ilə bağlı əlavə məlumat veriləcək.
Agentlik bir daha ev şəraitində hazırlanan qidaları istehlaka təqdim edərkən, saxlama şəraitinə, temperatur rejiminə, gigiyena və düzgün daşıma qaydalarına riayət edilməsinin vacibliyini diqqətə çatdırır" - deyə məlumatda qeyd edilib.
Milli.Az