Bir günə 15 milyon dollar qazandı

24 Sentyabr 2025 10:36

Məşhur amerikalı pop ulduzu Teylor Sviftin "The Life of a Showgirl" adlı yeni albomunun çıxışı münasibətilə təşkil olunan kinonümayiş ilk 24 saat ərzində 15 milyon dollarlıq gəlir əldə edib.

Milli.Az xarici mətbuata istinadən xəbər verir ki, bu layihənin ABŞ-də ilin ən böyük kassalı mədəniyyət hadisələrindən birinə çevriləcəyi proqnozlaşdırılır.

İfaçının on ikinci studiya albomu 3 oktyabr 2025-ci ildə təqdim olunacaq. Albomun buraxılışı ilə bağlı, Svift 3-5 oktyabr tarixlərində "Taylor Swift: The Official Release Party of a Showgirl" adlı 89 dəqiqəlik xüsusi kinogecə keçirəcək. Tədbir zamanı albomun əsas sinqlı "The Fate of Ophelia" üçün hazırlanan klipin də premyerası reallaşacaq.

Ekspertlərin qiymətləndirməsinə görə, ABŞ-də ilk həftəsonu ərzində kinonümayişin ümumi gəliri 30-50 milyon dollar arasında dəyişə bilər.

Xatırladaq ki, Teylor Sviftin daha əvvəl təqdim etdiyi "Eras Tour" adlı konsert filmi 267,1 milyon dollar gəlirlə bütün dövrlərin ən çox gəlir gətirən konsert filmi olmuşdu.

Yeni layihənin nümayişi yalnız ABŞ-lə məhdudlaşmır. Film eyni zamanda Kanada, Meksika, Birləşmiş Krallıq, Fransa, Almaniya, İsveçrə, Avstriya, Skandinaviya ölkələri, Belçika, Niderland, Lüksemburq, Cənubi Afrika, Avstraliya və Yeni Zelandiyada da ekranlara çıxacaq. Biletlərin satışı isə 23 sentyabr tarixindən başlayacaq.

Musa
Milli.Az